"İlham Əliyevin tarixi missiyası yalnız Qarabağ fatehliyi ilə bitmir" - Zahid Oruc

Vaxtilə Sovetlər Birliyi-ABŞ arasında gözlənilən ulduz müharibələri üzərindən 35 il keçəndən sonra başlanıb. Uzun əsrlər boyu yerüstü savaşlar aparan dövlətlər indi min kilometrlərlə uzaqda yerləşən hədəfləri hava məkanından-kosmik sistemlərdən vuraraq, bəşəriyyəti yeni reallıqla- ulduz savaşları ilə üzə-üzə qoyublar.
Ölkəmizin yaxın əhatəsində, Rusiya-Ukrayna və ardınca Yaxın Şərqdən Cənubi Qafqazın sərhədlərinə qədər uzanan silahlı toqquşmaların əhatəsində Azərbaycan dövlətinin qazandığı Qələbənin bir daha əzəməti görünür, qlobal layları tərpətmişik deyən, Ali Baş Komandanın təkcə Ermənistan üzərində deyil, daha böyük dövlətlərin müqavimətini qıraraq əldə etdiyi təsdiqini tapır.
İlham Əliyevin dəfələrlə söylədiyi 3-cü dünya müharibəsi Qarabağ savaşından sonra başlanıb. Lakin dünyanın yenidən bölüşdürüldüyü, Qərb mərkəzli dünyadan çoxqütblü təhlükəsizlik arxitekturasına keçildiyi dövrdə görürük ki, azərbaycanlı liderin strateji baxışları və seçimi ölkəmiz üçün qoruyucu zirehə, Qızıl Qübbəyə çevrilib.
Bəli, Azərbaycan heç bir dövlətin forpostu deyil və indi ərtafında strateji silahların zərbəsi altında da prezident bütün Qafqazın xilaskarı kimi çıxış edir.
90-cı illərdə Araz çayını keçərək, yalnız canını xilas edən on minlərlə vətəndaşımız indi əksinə, milyonlarla insanın ümid yeridir, onu Zəfərə qovuşduran dövlət başçısı nəinki 40 milyondan artıq azərbaycanlının, bütün bölgə xalqlarının inamla baxdığı tək liderdir. İlham Əliyevin tarixi missiyası onu Türkiyədə alqışlayan minlərlə insanın şüara çevirdiyi yalnız Qarabağ fatehliyi ilə bitmir.
Lakin regionda müharibə səbəbilə xaotik şəraitə uyğun operativ böhran idarəçiliyi, fövqəladə texniki, humanitar, iqtisadi, ərzaq, eləcə də texnogen tədbirlər, sanitar və inzibati qərarlar, hazırlıqlar tələb olunur. Raket silahlarından və aviasiyadan total istifadənin getdikcə artdığı, Qərb rəhbərlərinin vətəndaşlarına "şəhərləri tərk edin!"-çağırışları fonunda müharibənin şiddətlənməsi-güclü qaçqın axınları ehtimalı, həssas qrupları kritik kütləyə çevirmək məqsədləri düşmən qüvvələrə fürsət ola bilər.
Sərhədlərdə “sabitləşdirici missiya” adı ilə dəhlizlər yaratmaq, xarici hərbi qüvvələri mülki missiyada yaxın radiuslara gətirmək, regionun etnik-milli xəritəsini dəyişdirmək üçün xristian bufer zona yaratmaq, yaxud "İslam birliyi" kartı ilə ölkəmizi müsəlman dünyasında hədəfə çevirmək və daxildə dini duruma təsir göstərmək də intensiv aparılan açıq-gizli siyasətlərin məqsədini təşkil edir.
Qarşıdurmaya görə çoxlu ölkələrin hava məkanlarını qapatması Azərbaycanı regionda yeganə təhlükəsiz keçid-körpü məkanına çevrib. Müharibə beynəlxalq yükdaşımalarda, xüsusilə Şərq-Qərb dəhlizi ilə keçən tranzit marşrutlarına - Orta Dəhlizə, Avropaya tədarük zəncirlərinə ehtiyacı gücləndirib.
Belə bir şəraitdə, Zəngəzur yolunun açılması son 100 ildə Türkiyəyə gedən tək erməni rəhbərin də qarşısında Azərbaycanın İrəvanı xilas şərti kimi görünür.
İndi biz dünyaya səslənirik: dövlətimiz kilsələri, sinaqoqları məscidlərlə birlikdə ucaldıb və müqəddəslərin ziyarətgahına çevirib. Azərbaycan ədalət BMT qətnamələri ilə deyil, milyonlarla ananın qalibiyyət göz yaşları ilə təmin edib.
İndi xalqımız dövlət və ordumuzla vahid səngərdədir, Qələbəmizi və Böyük Qayıdışı qoruyur!
Biz tərəf deyil, atom bombalarını yox, sülhü seçirik!
Zahid Oruc,
millət vəkili