"Bu müharibənin qəti əleyhinə olsaq da tərəf tutmaqdan qaçmalıyıq"

"Dünyada istənilən müharibənin əleyhinəyəm. İranda baş verən faciəni isə özümünkü kimi qəbul edirəm, çünki orada ziyan çəkənlər həm də bizim bacı-qardaşlarımızdır. Bununla belə, bu gün Azərbaycanda yaşayıb az qala bizi İsrailə qarşı cihada çağıran vətəndaşlarımızın mövqeyini qətiyyətlə pisləyirəm. Müharibənin ilk günlərindən fikrimi bildirmişdim ki, bu müharibənin qəti əleyhinə olsaq da tərəf tutmaqdan qaçmalıyıq".
Redaktor.az xəbər verir ki, bunu vəkil Aslan İsmayılov deyib. O, çıxışına daha sonra bunları əlavə edib:
"Bu gün də mənə və mənim kimi fikirdə olanlara hücum çəkənlərə bir daha xatırladıram ki, İran rejimi ömür boyu bizə düşmən olub və olmaqda da davam edir. Son illərdə, xüsusilə Qarabağ savaşı gedən zaman İranın bizə açıq düşmən mövqeyində olduğunu və hərtərəfli Ermənistana köməklik göstərməsini kənara qoyub bu günlərdə sərgilədiklərini çatdırıram. Hamımız bu günlər Azərbaycan dövlətinin müxtəlif yollarla ard-arda 2 dəfə İsrailə müraciət edib müharibənin əleyhinə olduğunu, xüsusən azərbaycanlılar yaşayan məkanların bombalanmasının yolverilməzliyini bildirib. Bu barədə İran mətbuatı bir kəlmə deməyib, əvəzində İran TV-lərindən guya İsrail təyyarələrinə yanacaq verir, Azərbaycan mətbuatı hərtərəfli İsrailin tərəfini tutur və sair kimi yalanları tirajlayıb Azərbaycan əleyhinə təbliğat aparırlar".
Vasif ƏLİHÜSEYN