"Putin bu cür açıqlamalarıyla qonşu ölkələrə xəbərdarlıq mesajı göndərir"

 18:12 21.06.2025     141

"Rusiyanın necə təhlükəli qonşu olduğunu Kreml sahibi son açıqlamasıyla ortaya qoyub. “Belə bir qədim qayda var. Rus əsgərinin ayağının dəydiyi yer bizimdir” – deyən Rusiya Prezidenti Vladimir Putin cümləsini bu şəkildə genişləndirib: “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Rus və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”. 

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O deyib ki, Putinin açıqlamasına Ermənistanın Baş naziri Nikol Paşinyan necə reaksiya verər:

"Çünki Kreml sahibinin məntiqindən çıxış etsək, Rusiyanın Ermənistanda hərbi bazası olduğuna görə, bu ölkə Rusiyaya məxsusdur. Rusiyanın Tacikistanda da hərbi bazası var, bu ölkə də Rusiyaya məxsusdur? Gələk Kreml sahibinin “Rus və ukraynalılar eyni xalqdır” cümləsinə. Rus və ukraynalılar necə eyni xalqdır ki, 4 ildən çoxdur bir-birlərini öldürürlər? Rusiya Prezidenti bu cür məntiqsiz açıqlamalarıyla həm Ukraynaya qarşı müharibəyə haqq qazandırır, həm də qonşu ölkələrə xəbərdarlıq mesajı göndərir. Azərbaycan olaraq elə biz ona görə rus hərbçilərini ölkəmizdən çıxardıq ki, Rusiya məmləkətimizi özününkü saymasın".

Vasif ƏLİHÜSEYN