Çin müharibədə İrana kömək edəcək? - "3 hərbi təyyarə yardım göndərib"

 19:02 21.06.2025     115

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasındakı gərginlik fonunda Pekinin Tehrana yardım etməyəcəyinə əmin olduğunu bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, İran–İsrail münaqişəsində Çinin neytrallığını saxlaya bilmə ehtimalı azdır:

"Bununla bağlı Çinin qarantiyası yoxdur. Sadəcə Trampın bu açıqlaması ona görədir ki, hansısa şəkildə məcbur etmək istəyir ki, Çin neytral qalsın. Amma hər halda, indiyə qədər olanlar onu göstərir ki, Çin az da olsa köməklik edir. Bu zamana qədər Çindən İrana üç hərbi yardım təyyarəsi gedib. Bu təyyarələr Lüksemburq adıyla yola çıxıb, ancaq Türkmənistanda dayanaraq öz yüklərini İrana boşaldıb və daha sonra qayıdıb. Bunların müasir hava sistemləri, raket, raket yanacağı olduğu ilə bağlı iddialar var".

Politoloqun fikrincə, ABŞ fikirləşir ki, müharibəyə girsə, Rusiya və Çin İran tərəfdən çıxış edə bilərmi?

"Əsas problem kimi bunu görürlər. Pakistan tərəfindən də Çinin İrana yardım etməsi ilə bağlı iddialar var. Çin münaqişəyə daxil olarsa, Çin, Pakistan, Rusiya İranı dəstəkləsə, bu, qlobal müharibə ola bilər. ABŞ üçün bu, yeni bir bataqlıq ola bilər. Rusiya–Ukrayna müharibəsində bataqlığa girdiyi kimi, İran bataqlığına da girə bilər. Ona görə ABŞ çalışır ki, Çin bu münaqişəyə qoşulmasın. Amma mən düşünürəm ki, Çin açıq şəkildə qoşulmasa belə, logistik və silah dəstəyi verəcək", - deyə Turab Rzayev qeyd etdi.

Xədicə BAXIŞLI