"İsrail-İran münaqişəsində Azərbaycanın mövqeyi kifayət qədər şəffafdır" - Diplomat

 19:41 21.06.2025     127

Rusiya Prezidenti Vladimir Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib. "Münaqişə üçün böyük potensial var. Həm də burnumuzun dibində - Ukraynada və Yaxın Şərqdə baş verənlər. Biz bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq", - deyə o, qeyd edib.

Dünya üçüncü dünya müharibəsinin eşiyindədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında diplomat Fikrət Sadıxov bildirdi ki, üçüncü dünya müharibəsinin simptomları göz qabağındadır:

"Biz görürük ki, bir sıra regionlarda qan tökülür, münaqişələr baş verir, insan tələfatı var. Sadəcə olaraq, vəziyyət daha da gərginləşir. Bunu həm Yaxın Şərq regionunun timsalında demək olar, həm Avropada Rusiya–Ukrayna, həm də indi qonşuluğumuzda yerləşən İranla İsrail münaqişəsi və sair. Bu, özü-özlüyündə əlbəttə ki, yaxşı bir amil deyil və Azərbaycanın bu mövzuda mövqeyi kifayət qədər aydındır, şəffafdır. Dəfələrlə demişik ki, biz danışıqların, diplomatik üsulların tərəfdarıyıq. Çünki əks halda, əlbəttə ki, bu regional münaqişələr daha genişmiqyaslı xarakter ala bilər. Bu, həm insanlar, həm də ölkələr üçün çox təhlükəli məqamlardır".

Politoloq bundan sonra da mövqeyimizin dəyişilməz olaraq qalacağına dair öz əminliyini vurğuladı.

"Başqa bir reallıq isə ondan ibarətdir ki, bir sıra dövlət başçılarının ambisiyaları buna imkan vermir. Bu münaqişələr həmin o ambisiyaların nümayiş olunmasının nəticələridir. Çox təəssüflər olsun ki, bu münaqişələrin qurbanları dinc əhali olur və bu da ən təhlükəli məqamlardan biridir" , - deyə Fikrət Sadıxov qeyd etdi.

Xədicə BAXIŞLI