Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə GÖRÜŞDÜ

 21:36 21.06.2025     104

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb.

XİN-dən Redaktor.az-a verilən məlumata görə görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafı imkanları müzakirə olunub.

Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşma prosesində mövcud çətinliklər barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər və onların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.