Prezident bilirdi...

 14:06 22.06.2025     222

Qonşu ölkələrdə, xüsusən də İranda baş verən son hadisələrdən sonra quru sərhədlərimizin indiyədək nəyə görə bağlı qaldığını düşənənlərin sayı yəqin ki, bir xeyli azalıb. Amma təəssüf ki, hələ də bunun fərqinə varmayanlar var. 

Hər dəfə bu məsələni qabardanda, atılan addımı doğru hesab etdiyini bildirəndə, mütləq ki, qarşında narazı şəxslər olur. Arqumentlər bitib, artıq deyirlər ki, raket havadan gəlir axı...

Biz o mərhələni keçmişik, çox şükür, hərb meydanında bizə bata bilməyənlərin daha şəhərlərimizi raketlə atəşə tutmağa cürəti yoxdur. Bu mərhələni geridə buraxmışıq və bu prosesdən alnıaçıq, üzüağ çıxıb qələbə qazanmışıq. Ərazi bütövlüyümüzü təmin etmişik, indi də sabitliyi qorumaqla mükəlləfik.

Bunun üçün isə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi başadüşüləndir. Çünki bir vətəndaşın təhlükəsizliyi bir dövlət üçün hər şeydən önəmlidir. 

İndi İran-İsrail münaqişəsi çərçivəsində sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələ “Mossad”ın İslam Respublikasındakı fəaliyyətidir. Yüksəkvəzifəli məmurlar, nüvə alimləri bir gecənin içində yatdıqları yerdə öldürüldülər. Və aydın olur ki, İsrail bu əməliyyat üçün xeyli zaman sərf edib, hətta bu ölkə ərazisində gizli baza da tikməyi bacarıb. Bu, İran üçün nə qədər qorxunc ssenari olsa da, təhlükəsizliyi təhdid edilən digər ölkələrə əyani dərs vəsatidir. 

Və münaqişə getdikcə alovlanır, müharibənin ortasında qalmaq istəməyənlər də ölkəni tərk etmək fikrinə düşür. Bu say onlarla, yüzlərlə, minlərlə deyil təbii ki... Təsəvvür edin, sərhədlərimiz açıq olsa, Azərbaycanın cənub qapısına nə qədər insan kütləsi yığılar? Adam bunun sonrakı fəlakətlərini düşünmək belə istəmir.

Deməli, Prezident İlham Əliyevin uzaqgörən siyasətçi olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının özü də heç vaxt sərhədlərin nəyə görə bağlı qalmasının səbəblərini xalqından gizlətməyib:

“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum. Tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür”.

Bu, Prezident İlham Əliyevin mövzu ilə bağlı müxtəlif çıxışlarından seçmə sitatlardır. Təxminən bir il öncəyə təsadüf edir. İran - İsrail münaqişəsindən bir il, Ukrayna-Rusiya müharibəsindən isə 2 il əvvələ...

Deməli, Prezident bilirdi...(qafqazinfo).