"Hörmüz boğazı bağlanarsa, İranın öz müttəfiqlərinə də təsir edəcək" - ŞƏRH

"Hörmüz boğazının bağlanması çox ciddi məsələlərə gətirib çıxara bilər. Parlament qərar qəbul edir və qərarı Milli Təhlükəsizlik Şurasının təsdiqləməsi lazımdır. Bu xəbərin yayılması belə neft satışı ilə bağlı məsələlərdə, birjalarda ajiotaja səbəb olub".
Bu fikirləri Redaktor.az-a Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü İran parlamentinin Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul etməsini şərh edərkən bildirdi.
"Verilən məlumatlara görə, neftin qiyməti qalxıb. Buna sadəcə boğazın bağlanması təsir etmir. İranın ABŞ və İsrail tərəfindən bombalanması, Yaxın Şərqdə gərginliyin artması da təsir edir. Amma Hörmüz boğazı məsələsi dünyada neft biznesinin böyük bir hissəsini təşkil edir və İranın bu açıqlaması məsələlərə ciddi təsir edən bir məqamdır. Əgər İran bu açıqlamanın ardınca real addım atarsa, boğazı bağlayarsa, bu, iqtisadi baxımdan çox böyük nəticələrə səbəb ola bilər. Mən iqtisadçı deyiləm, siyasi ekspertəm, amma hər halda peşəkar iqtisadçılar da bu fikirləri təsdiqləyərlər ki, neft qiymətində inanılmaz dərəcədə bahalaşma, çətin situasiya yaradacaq qədər qiymət artımının baş verməsi reallaşa bilər", - deyə o qeyd etdi.
Ekspert əlavə etdi ki, dünyada neftdən istifadə edən, neftdən asılı olan çox sənaye sahələri var.
"Siyasi mənada isə bu, təbii ki, İsrail və onun müttəfiqlərinə, xüsusilə ABŞ-yə, eyni zamanda neftdən istifadə edən bütün ölkələrə təsir edəcək. İranın öz müttəfiqlərinə də təsir edəcək amildir. Buraya Çin və ərəb ölkələri də daxildir. Bir növ, İran tərəfləri özünə qarşı sərt şəkildə qaldırmış olacaq. Bunun nəticələrini hesablamaq çox çətindir. Ümumilikdə deyə bilərik ki, çox ciddi fəsadları ola biləcək bir məsələdir. Düşünürəm ki, İran bunu da nəzərə alaraq bu məsələdə müsbət addımlar atıb, qərarlar verəcək", - deyə M.Göyüşlü vurğuladı.
Aytəkin TOFİQQIZI