"ABŞ-nin müharibədə birbaşa iştirakını görməyəcəyik" - AÇIQLAMA

 18:19 23.06.2025     85

Məlum olduğu kimi, İsrail-İran müharibəsinin gedişatında ABŞ bombardmançı təyyarələri İranda 3 nüvə obyektini vurub. Amerika lideri Donald Trampın açıqlamasına görə, nüvə obyektləri məhv edilib və İran artıq nüvə silahı əldə edə bilməyəcək. 

ABŞ-nin bu addımını bu ölkənin İsaril-İran müharibəsinə qoşulması kimi qiymətləndirə bilərik?

Politoloq Natiq Miri Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin müharibəyə qoşulması hələlik tələskən bir qiymətləndirmədir.

"Çünki ABŞ və İsrailin əsas hədəfi İranda nüvə mərkəzlərinin tamamilə ləğvi məsələsi idi. İsrailin təcavüzü konteksində bəlli oldu ki, ABŞ-nin müdaxiləsi olmadan bu nüvə mərkəzlərini dağıtmaq mümkün deyil. Buna görə də, qısa müddətli, bir neçə saatlıq, ABŞ-yə məxsus olan 14 tonluq bombalarla dəqiq zərbələr endirildi. Bu bombalar olmadan da bu dərinlikdə olan nüvə mərkəzlərini məhv etmək mümkün deyildi. Bombalanmadan sonra artıq nüvə mərkəzlərinin məhv edildiyi açıqlaması Prezident Donald Tramp tərəfindən verildi. Artıq bombardmançı təyyarələr ABŞ-yə qayıdıb".

Politoloqun sözlərinə görə, ABŞ müharibədə birbaşa iştirak etmir.

"Bu baxımdan, bundan sonra ABŞ-nin müharibədə iştirak edib-etməməsi məsələsi İranın bundan sonrakı davranışına bağlı olacaq. Əgər İran bundan sonra regiondakı, xüsusilə Yaxın Şərqdə ABŞ-nin hərbi bazalarına, hərbi donanmasına hücum edərsə, təbii ki, ABŞ yenidən buna adekvat cavab verəcək və müharibəyə qoşulacaq. İran belə addımlar atmasa, düşünürəm ki, ABŞ müharibəyə birbaşa müdaxilə etməyəcək və yükün əsas hissəsi yenə İsrailin boynuna düşəcək. Hər şey İranın bundan sonrakı davranışından asılı olacaq. İlk belə hadisə yaşanıb. Əgər İran ABŞ-dən nüvə mərkəzlərinə olan hücumun əvəzini almaq istəyirdisə, ABŞ-nin Yaxın Şərqdəki, ərəb ölkələrində mövcud olan daha böyük hərbi bazalarına, gəmilərinə, təyyarələrinə hücum edə bilərdi. Amma biz hələlik bunu görmürük. İctimai rəyi aldatmaq və sakitləşdirmək üçün aldadıcı hücum görüntüləri yaradılacaqsa, ABŞ-nin müharibədə birbaşa iştirakını biz görməyəcəyik", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI