"Hörmüz boğazının bağlanması uzunmüddətli xarakter alarsa..." - Deputat baş verəcəklərdən DANIŞDI

 19:03 23.06.2025     86

"İsrail–İran müharibəsi beynəlxalq yükdaşımalara təsir göstərməkdədir. Nəzərə alsaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi İran üzərindən reallaşır, eyni zamanda İranın körfəzə çıxış imkanları praktiki olaraq beynəlxalq yükdaşımalara təsir göstərir, bu kontekstdə, təbii ki, müharibə yüklərin İran üzərindən daşınmasına, eyni zamanda körfəzdən daşınan yüklərin həcminə təsir göstərə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov İranın Hörmüz körfəzini bağladığı təqdirdə dünya iqtisadiyyatına dəyəcək ziyan haqqında danışarkən bildirdi.

"Təbii ki, bu, dünya iqtisadiyyatı üçün arzuolunan deyil və bəzi məhsulların təklifinə və alınmasına mənfi təsir göstərə bilər. Buna görə də əgər müharibənin miqyası dərinləşərsə, ümumiyyətlə Hörmüz boğazının bağlanması uzunmüddətli xarakter alarsa, bu, dünya iqtisadiyyatına böyük neqativ təsir göstərəcək. Ərzaq və digər məhsulların daşınmasında çətinliklərin yaranmasına səbəb olacaq. Ona görə də, təbii ki, birmənalı şəkildə Hörmüzün bağlanması iqtisadiyyata mənfi təsir göstərməkdədir", - deyə deputat qeyd etdi.

Xədicə BAXIŞLI