"İranın Amerikaya mümkün cavabı Hörmüz boğazının bağlanmasıdır" - ŞƏRH

 19:49 23.06.2025     127

"İranın Amerikaya mümkün cavabı Hörmüz boğazının bağlanmasıdır. Hansı ki, bundan İran öncədən bəhs edib. Digəri isə Amerikanın bazalarını hədəf almaqdır. Yəni İran bunu daha öncə də bildirmişdi. İran rejimi anlayır ki, əgər Hörmüzü bağlasa və Amerikanın bazalarını hədəf alsa, bundan sonra rejiminin hakimiyyətdə qalması daha da çətinləşəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra Tehranın hələ də bu ölkəyə cavab verməməsini şərh edərkən dedi.

"Bu baxımdan hesab edirəm ki, İran hakimiyyətinin sakitliyi bununla bağlıdır. Danışıqların başlamasına ümidləri var və bunun üçün müxtəlif görüşlər keçirilir. Abbas Əraqçinin Rusiya səfərində də bu hesablanmışdı. Həm Rusiyanın dəstəyini görmək, cəbhəsini gücləndirmək, həm də ən azı Rusiya tərəfindən danışıqlar prosesinə yardım etmək məsələsi müzakirə olunur. Çünki İran rejimi anlayır ki, əsas məsələ danışıqlar masasındakı mövqeyidir. Əks halda, müharibə davam edəcək. Seçimlər çoxdur, amma düşünürəm ki, bu, İran rejimi üçün son şansdır. Nəticə nə qədər ürəkaçan olmasa da, bundan sonra baş verəcəklər barədə mən heç nə demirəm", - o bildirdi.

Politoloqun fikrincə, əgər İran Avropaya qarşı da bu addımları atacaqsa, bu, müharibənin regional müstəviyə keçəcəyi ehtimalını artırır.

"Amerikanın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra vəziyyət yenə də gərgindir. Deyə bilərəm ki, İran üçün çıxış yolu qalır, bu da danışıqlar masasında həll yolunu tapmaqdır. Çin və Rusiya faktoru da var. Maraqlı ola bilər ki, həm Çin, həm də Rusiya birlikdə İrana kömək etsin. İran üçün bu, Amerika ilə uzunmüddətli müharibəyə çevrilə bilər. Bütün bu faktorlara baxdıqda İran rejimini oyundan hələ bitmiş hesab etmək olmaz.

O da istisna deyil ki, İranın hansısa bir bazası var. Hesab edirəm ki, ABŞ-nin bu hücumu daha çox xəbərdarlıq xarakteri daşıyır", - deyə Asif Nərimanlı bildirdi.

Xədicə BAXIŞLI