Trampla Zelenski yenidən görüşdü - Rusiya-Ukrayna arasında atəşkəs elan olunacaq?

 21:15 25.06.2025     71

Bildiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasında atəşkəsi bərpa edə bildi. Bu gün isə Amerika lideri Ukrayna Pprezidenti Volodimir Zelenski ilə görüşüb.

Bəs Trampın Rusiya-Ukrayna müharibəsində də atəşkəsə nail olacağı gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Donald Tramp İsrail-İran müharibəsində tərəfləri masaya gətirib atəşkəsə nail ola bildisə, bu, onun diplomatik fəallığının təkcə Yaxın Şərqlə məhdudlaşmadığını göstərir:

"Bu gün Zelenski ilə görüşməsi isə onun diqqətini artıq Rusiya-Ukrayna müharibəsinə yönəltməyə başladığını deməyə əsas verir. Tramp prezidentliyi dövründə “Amerika əvvəlcə” prinsipini önə çəkmişdi, amma bu siyasət onu heç vaxt qlobal proseslərdən kənarda saxlamadı. O, “sərt güc” və “ticarət təzyiqləri” ilə danışıqları birləşdirə bilən nadir fiqurlardandır. Trampın Ukrayna münaqişəsinə dair müdaxiləsi reallığa çevrilərsə, bu, həm Rusiya, həm də Qərb üçün oyunun qaydalarını dəyişə bilər.

Rusiya ilə ABŞ arasında qeyri-rəsmi arxa diplomatiya formatlarının işlək olduğu bilinir. Tramp bu kanalları yenidən aktivləşdirməyə çalışa bilər. Zelenski ilə görüşməsi isə təkcə rəsmi dəstək deyil, həm də qarşılıqlı güzəştlərə dair hazırlıq siqnalı kimi şərh oluna bilər. Amma bu məsələdə əsas amil Putinin Trampa nə qədər güvənə biləcəyidir. Çünki Kreml Trampı fərqli siyasi aktor kimi görsə də, onun “təhkim olunmamışlığı” da Moskva üçün riskdir".

Siyasi şərhçi qeyd etdi ki, Trampın seçkilərə qədər Ukrayna müharibəsini də “sakitləşdirməyə” çalışması daxili auditoriya üçün də ciddi PR effekti yarada bilər.

"O, “dünyanı müharibədən xilas edən prezident” obrazını canlandırmaq istəyir. ABŞ-də seçici təbəqəsinin bir qismi artıq Ukraynaya yardımın davam etməsini istəmir və bu da Trampa manevr imkanı verir. Amma bu atəşkəs ssenarisi ancaq ABŞ-Rusiya-Avropa üçbucağında koordinasiyalı şəkildə baş verə bilər.

Əgər Tramp real atəşkəs planı ilə çıxış edərsə, Qərb daxilindəki radikal demokratlar tərəfindən sərt müqavimətlə üzləşəcək. Bu isə onun təşəbbüslərinin həyata keçməsinə əngəl ola bilər. Nəticə etibarilə, Trampın uğuru təkcə diplomatik niyyətdən deyil, həm də beynəlxalq sistemin nə qədər “barışa açıq” olmasından asılı olacaq. Hələliksə, o, bu prosesi yalnız yoxlayır", - deyə Tural İsmayılov vurğuladı. 

Xədicə BAXIŞLI