ABŞ nüvə obyektlərinin bombalanmasına görə İrana təzminat ödəyəcək?

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ nüvə obyektlərinə vurduğu ziyana görə təzminat ödəməlidir.
Amerikanın İrana təzminat ödəyəcəyi gözlənilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, bu məsələnin gündəmə gəlməsi əslində təsadüfi deyil:
"ABŞ-nin təzminat ödəməyəcəyi bəllidir. Bunu İran tərəfinin özü də bilir. Amerika bu günədək bir çox ölkəyə müdaxilə edib, amma heç vaxt təzminat ödəməyib. Maksimum, üzr istəyərək bunu bildirib. Tramp administrasiyası isə belə bir addım atmır.
İranın bunu deməsində iki istiqamət olmuş ola bilər. Birincisi, daxili ictimai rəydə qələbə hissi yaratmaq və təbliğatı gücləndirmək".
Politoloq qeyd etdi ki, İran Amerikadan təzminat tələb edəcək qədər özünü güclü göstərmək istəyir.
"Digər tərəfdən, bu, diplomatik danışıqlara hesablanmış məsələdir. İranda mövcud rejim qaldığı müddətdə bu və ya digər formada diplomatik danışıqlar yenə davam edəcək. Bu məsələ təkcə İran-Amerika-İsrail məsələsi ilə yekunlaşmır. Bir növ, İran tərəfi beynəlxalq hüquqa istinad edərək bu məsələni gündəmə gətirməklə tam həll etməyə çalışır. Bunu diplomatik manevr kimi də qəbul edə bilərik, amma Amerikanın təzminat ödəməsi qeyri-mümkündür" , - deyə Asif Nərimanlı vurğuladı
Xədicə BAXIŞLI