"Rusiyada hansı ölkənin siyasətindən narazıdırlarsa, vətəndaşlarını sıxışdırırlar"

Rusiya saytlarında Yekaterinburqda öldürülən azərbaycanlılarla bağlı xəbərləri elə təqdim ediblər ki, sanki söhbət kriminal avtotitetlərin həbsindən gedirmiş. Yazırlar ki, guya həbs zamanı birinin ürəyi tutub, digəri özünü pis hiss edib və nəticədə... hər ikisi vəfat edib. Yəni açıq-aşkar işgəncə faktını ört-basdır etməyə çalışırlar. Onu da yazılar ki, guya 25 il əvvəl baş vermiş hansısa cinayət işində ölən (oxu: öldürülən) azərbaycanlıların əli olub. Bu da iki azərbaycanlının qətlini ört-basdır etmək üçün yayımlanan xəbərdir. Necə oldu ki, 25 il bundan əvvəl üstü açılmayan cinayət işinin izinə indi düşdülər? Belə təəssrüat yaranıb ki, işgəncə nəticəsində ölən azərbaycanlıları “ittiham” etmək üçün arxivdən üstü açılmayan cinayət işinin guya izinə düşüldüyünə dair tələsik hekayə quraşdırıblar.
Tutaq ki, Rusiya polisinin kimlərdənsə şübhəsi olub və həmin şəxslərin həbsinə qərar verilib. Axı Yekaterinburqda azərbaycanlıların kütləvi həbsi həyata keçirilib. Onlarla azərbaycanlının həbsindən siyasi qoxu gəlir. Təsadüfi deyil ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Bu onu göstərir ki, rəsmi Bakı da azərbaycanlılara hücumun arxasındakı motivlərdən şübhəlidir. Bu Rusiyada qərar verənlərin dairələrə ənənəvi iş üslubudur, hansı ölkənin siyasətindən narazıdırlarsa, ya həmin ölkənin Rusiyada çalışan vətəndaşlarını sıxışdırırlar, ya həmin ölkənin məhsullarını sərhəddən geri qaytarırlar, ən pis halda isə kütləvi həbslər və işgəncələr işə düşür.
Elxan Şahinoğlu,
politoloq