"Rusiya mehriban qonşuluq siyasəti anlamadı"

Rusiya bu cür təzyiqlərlə qonşu müsəlman ölkələrinin öz siyasətinə dəstək verməsini istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov danışıb.
O qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları demək olar ki, şiddət həyata keçirirlər:
"Məqsəd təkcə Azərbaycan diasporasının yox, bütün – özbək, tacik, qırğız, kazak, türkmənlərin gözünə qorxu salmaq deyil. Rusiya hüquq mühafizə orqanlarının məqsədi ondan ibarətdir ki, onlar istədiyi vaxt həmin xalqları yaxalayanda təhqir edib yola salsınlar. Onların istəyi odur ki, diaspor təşkilatları gəncləri yığıb cəbhəyə Ukraynaya yollasınlar".
Deputat əlavə edib ki, heç kəs müharibəyə gedib belə bir şovinist siyasətdə qurban olmaq istəmir. Bu səbəbdən Rusiya bu cür təzyiqlərlə qonşu müsəlman ölkələrinin də onun bu siyasətinə dəstək verməsini istəyir:
"Düşünürəm ki, heç nə əldə bilməyəcək. Rusiya ilə bağlı məşhur bir kəlam var: Rusiyanın sərhədində ya onun köləsi, ya da düşməni olmalıdır. Azərbaycan uzun müddət çalışdı ki, Rusiya ilə dost, mehriban qonşuluq siyasəti formalaşdırsın. Hiss olunur ki, anlamadılar. Ayrı yol da var, Rusiya ilə məsafə tutmaq və o məsafəni maksimum dərəcədə genişləndirmək".
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.