"Ordusuna arxayın olan pomidorsatanı, kababçını, yeşikdaşıyanı məcbur müharibəyə göndərər?"

Putin tez-tez sağını-solunu 1945-ci ildə Berlinə girən Qızıl Orduyla hədələyir.
Onun ordu dediyi şey, sadəcə, əyninə əsgər paltarı geyindirilib ölümə göndərilən sadə insanlar idi. Azərbaycanda elə bir nəsil yoxdur ki, II Dünya müharibəsindən geri qayıtmayanı olmasın. Bu adamların çoxu heç əsgərlik görməmişdilər. Yığıb aparıb tökürdülər nizami alman ordusunun qabağına.
Bizim bir qohum var idi, Berlinə qədər getmişdi, hərf tanımırdı. Belə ordu olur?
Yəni o qələbə hərbi qəhrəmanların yox, sıravi qurbanların hesabına qazanılmışdı.
Putinin Qızıl Ordu dediyi şey 1968-ci ildə Praqada dinc insanların üstünə tank sürən ordudur. 1989-cu ildə Əfqanıstandan dabanına tüpürüb qaçan ordudur, 1990-cı ildə Bakıda əliyalın əhaliylə döyüşən ordudur.
Qızıl Ordu nə vaxt öz hərbi heyətiylə təkbətək müharibəyə girib və qələbə qazanıb?
Ordusuna arxayın olan pomidorsatanı, kababçını, yeşikdaşıyanı məcbur müharibəyə göndərər?
Aqşin Yenisey,
yazıçı