"Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur"

"Yekaterinburq hadisəsi ilə bağlı Rusiyada yaşayan və ya geri qayıdan soydaşlarımdan iki gün içərisində fərqli fikirlər də eşitdim, şərhlər oxudum. Bu fikirlərin ortaq mahiyyəti budur ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər. Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləməkdən uzağam, işində, gücündə olan soydaşlarım arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir:
"Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar. Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdılar. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdkcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur. Rusiyadakı diasporamız güclü olduğu halda, azərbaycanıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür, Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər".
Vasif ƏLİHÜSEYN