"Kreml unutmamalıdır ki, Azərbaycan vətəndaşına qarşı edilən ədalətsizlik cavabsız qalmayacaq" - Deputat

 15:53 30.06.2025     306

27 iyun tarixində Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat zamanı 5 azərbaycanlının qətlə yetirilməsi, bir neçə nəfərin işgəncəyə məruz qalması və həbsi Azərbaycanda ciddi narazılıq və etirazlara səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, son günlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən vəhşilik cəmiyyətimizdə haqlı olaraq dərin hiddət və narahatlıq doğurub:

"Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu “əməliyyat” hüquqdan, insani dəyərlərdən, beynəlxalq konvensiyalardan uzaq, açıq şəkildə etnik ayrı-seçkiliyə və dövlət zorakılığına əsaslanan bir aktdır.

Bu vəhşilik bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş təxribatdır. Sözügedən barbarlıq, qanunsuz saxlamalar, işgəncələr və hətta ölüm faktı 21-ci əsrin beynəlxalq hüquq müstəvisində baş verən cinayət əməlləridir.

Azərbaycan dövləti daim qanunun aliliyini, beynəlxalq hüquqa hörməti və etnik tolerantlığı əsas tutaraq həmvətənlərinin hüquqlarını müdafiə edir. Bu cür təzyiqlər heç bir halda Azərbaycan vətəndaşlarını qorxuda, sındıra və öz hüquqlarından çəkindirə bilməz. Dövlətimiz soydaşlarımızın harada yaşamasından asılı olmayaraq onların hüquqlarını müdafiə etmək əzmində və gücündədir".

Millət vəkili qeyd etdi ki, Azərbaycan bu mübarizədə həm siyasi müstəvidə, həm də cəmiyyət olaraq qətiyyətli və sarsılmaz mövqe tutur.

"Rusiya Federasiyası məsələnin siyasi motivlərindən aslı olmayaraq dərhal araşdırma aparmalı, məsuliyyət daşıyan şəxslər cəzalandırılmalı, bu cür qanunsuz və qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir. Çünki baş verən hadisə ilk növbədə şimal qonşumuzun nüfuzuna xələl gətirir. Eyni zamanda bu tip qeyri-etik davranışlar iki ölkə arasında mövcud olan münasibətlərə ciddi kölgə salır və regionda etimad mühitini zədələyə bilər.

Azərbaycan xalqı heç vaxt təhqirə, zora və hüquqsuzluğa boyun əyməyib. Bu gün də biz milli birliyimizlə, dövlətimizin iradəsi ilə öz soydaşlarımızın yanındayıq. Kreml unutmamalıdır ki, Azərbaycan vətəndaşına qarşı edilən ədalətsizlik cavabsız qalmayacaqdır" , - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI