"Rusiyada azərbaycanlılara qarşı zorakılıq Kremlin razılığı ilə baş verib" - AÇIQLAMA

 17:32 30.06.2025     114

"Rusiyada azərbaycanlılara qarşı zorakılıq prosesi birmənalı şəkildə Kremlin razılığı ilə baş vermiş hadisələrdir. Bu, ilk növbədə Azərbaycana qarşı təzyiq xarakteri daşıyır".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Rusiyada hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər və zorakılıqlardan danışarkən bildirdi.

"Kreml Azərbaycana təzyiq göstərməklə Cənubi Qafqazda Rusiyanın mövqelərini bərpa etməyə nail olacağına ümid bəsləyir. Çünki Ukrayna savaşı Rusiyanı kifayət qədər zəiflədib və bu səbəbdən hazırda Rusiya Cənubi Qafqazda da öz mövqelərini ciddi şəkildə itirməyə başlayıb.

Təbii ki, bütün bunlarla paralel olaraq Azərbaycan Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibinə çevrilib. İndi Cənubi Qafqazla bağlı bütün addımlar məhz rəsmi Bakının razılığı və Azərbaycanın maraqları nəzərə alınmaqla atıla bilər. Əks halda, rəsmi Bakı Cənubi Qafqaza yönələn bütün planları iflasa uğratmağa qadirdir", - siyasi şərhçi dedi.

Müsahibimiz vurğuladı ki, Azərbaycanın həm regional lider olması, həm qlobal məkanda nüfuzunun artması, beynəlxalq siyasi proseslərdə siyasi iradəsini ortaya qoyması Kremldə ciddi şəkildə narahatlıq doğurur.

"Kremldə artıq anlayırlar ki, Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb. Rusiyanın Azərbaycana qarşı hansısa ciddi təzyiq və təsir mexanizmi qalmayıb. Təsir mexanizmi Rusiya sülhməramlı qüvvələri idi. Həmin qüvvələr Azərbaycandan çıxarılıb. Ona görə də Kremlin Azərbaycana qarşı tədbiri yoxdur.

Rusiya siyasi dairələri Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq törətməklə rəsmi Bakıya təzyiq göstərə biləcəklərini düşünürlər. Artıq bu prosesə başlayıblar. Bütün vasitələrlə azərbaycanlıları sıxışdırmaqla Bakını Rusiyanın maraqlarına uyğun xarici siyasət yürütməyə məcbur etməyə çalışırlar.

Bakı hansısa xarici təhdidlərə boyun əymək niyyətində deyil. Azərbaycan Rusiya üçün əlçatmaz dövlətdir. Rusiya təzyiq yerinə əməkdaşlıq qurmaq barədə düşünsə, daha doğru olar. Amma hələlik bu müşahidə olunmur. Gərginlik bir müddət davam edə bilər", - deyə politoloq əlavə etdi.

Aytəkin TOFİQQIZI