"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə

"Rusiyanı dövlət quruluşu baxımından yaxşı tanıdığıma görə deyə bilərəm ki, Rusiyada ən ali səviyyədə dövlət rəhbərlərinin xəbəri olmadan hər hansı bir cinayət törədilə bilməz".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Yekaterinburq şəhərində FTX əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qətl və zorakılıqlardan danışarkən bildirdi.
"Rusiya hüquq-mühafizə orqanları rəhbərliyin cəza alətidir. Beyin olmadan, beyindən əmr gəlmədən əl, ayaq hərəkət edə bilməz. Ona görə də rus polislərinin etnik azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliklərin arxasında, təbii ki, Moskvadan – Kreml tərəfindən gələn göstəriş dayanır.
Səbəblərinə baxanda görürük ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə anlaşılmazlıqlar var. Bu, müxtəlif hadisələrdə özünü büruzə verir: Azərbaycan təyyarəsinin vurulması, Rusiya rəhbərinin üzr istəməsi, aşkar həqiqətlərin inkar olunması və sonda isə Azərbaycan liderinin paradda iştirak etməməsi. Bütün bunlar, təbii ki, Rusiya rəhbərliyini qəzəbləndirib.
Azərbaycana iqtisadi, siyasi, hərbi təzyiq vasitəsi olan Qarabağ artıq əldən çıxıb, Qarabağ problemi, bir mənada, həll olunub".
Politoloq qeyd etdi ki, bir çıxış yolu qalır, o da Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərməkdir.
"Bu təzyiqi də vəhşi formada həyata keçirirlər. Çünki bacardıqları budur. Mən bu proseslərin səbəblərini və nəticələrini anlayıram. Amma özümüzə sual verməliyik: biz niyə rusların əlinə belə bir silah vermişik? Yüz minlərlə azərbaycanlı Rusiyada yaşayır. Niyə onlar sevimli, doğma vətəndə yaşamır? Məgər Azərbaycanın işçi qüvvəsinə ehtiyacı yoxdurmu?
Bu insanlar çörək xatirinə, məcburiyyət qarşısında qalıb qarlı, şaxtalı, ucqar Rusiya bölgələrinə üz tuturlar. Səbəb isə Azərbaycanda onlara yaşayıb işləməyə imkan verilməməsidir. Kim imkan vermir? Gözü doymayan məmurlar.
Bu səbəbdən sadə vətəndaşlar gedir, qürbətdə söyülür, döyülür, təhqir olunurlar. Halbuki elə bir şərait yaradılsaydı, bu insanlar heç vaxt doğma vətəni tərk etməzdilər.
Düz düşünürəm, ya yanlış – bilmirəm. Amma hiss etdiklərim və gördüklərim bunlardır", - deyə Zərdüşt Əlizadə bildirdi.
Xədicə BAXIŞLI