"Trampın Rusiyaya qarşı sərt addımlar atması çox vacibdir" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Rusiya və onun enerji alıcılarına qarşı sanksiya haqqında yeni qanun layihəsini dəstəklədiyini açıqlayıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, Tramp artıq görür ki, Rusiya və İranla aparılan müzakirələrdə bu məsələləri yoluna qoymaq çətindir.
"Faktiki olaraq bu ölkələr zaman qazanmağa çalışırlar. Tramp dəfələrlə həm sərt, həm də yumşaq tonda istədi ki, Rusiya-Ukrayna müharibəsi dayansın və İranla nüvə danışıqları baş tutsun. Ancaq nəticə olaraq görünür ki, nə İran bu fəaliyyətlərdən imtina edir, nə də Rusiya geri addım atır. İran nüvə danışıqlarını bir vasitə kimi istifadə edərək, həm nüvə proqramını davam etdirir, həm də bu yolla sanksiyaların yüngülləşdirilməsinə çalışır. Rusiya isə danışıqları formal olaraq davam etdirmək istəsə də, eyni zamanda Ukraynanın ərazilərini işğal etməkdə davam edir".
Politoloq qeyd etdi ki, nə İran, nə də Rusiya bu məsələlərdə səmimi deyillər.
"Məhz buna görə də Tramp sərtləşməyə qərar verir. Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək, xüsusilə enerji daşıyıcıları sahəsində.
Bu arada dialoqun uğursuzluğundan istifadə edən liberallar və qlobalistlər Trampa təzyiq göstərirlər. Onlar deyirlər ki, "bax, sən sülh yolu ilə danışmağa çalışdın, amma Putin səni dinləmədi."
Ona görə də Trampın sərt addımlar atması həm vacib, həm də daha məqsədəuyğundur", - deyə Turab Rzayev vurğuladı.
Xədicə BAXIŞLI