"ABŞ üçün İranla danışıqlar strateji deyil, daha çox taktiki alətdir" - Politoloq

"ABŞ-İran danışıqlarının uzanması regionda formalaşan yeni güc balansları, daxili siyasi dinamika və beynəlxalq diplomatiya ilə sıx bağlıdır. ABŞ üçün İranla danışıqlar strateji deyil, daha çox taktiki alətdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ-İran danışıqlarının uzanmasından danışarkən bildirdi.
"Vaşinqton bu dialoqu həm Tehranın nüvə ambisiyalarını cilovlamaq, həm də regionda təsir gücünü qorumaq məqsədilə aparır. Tehran isə danışıqları uzunmüddətli iqtisadi sabitlik və beynəlxalq hüquqi tanınma vasitəsi kimi dəyərləndirir, lakin bu iki baxış arasında ciddi fikir ayrılığı var.
Regionda Çin və Rusiya ilə İranın yaxınlaşması ABŞ-nin mövqeyini daha da çətinləşdirir və onu ehtiyatlı hərəkət etməyə vadar edir. İsrailin İran hədəflərinə qarşı əməliyyatları Vaşinqtonun diplomatik imkanlarını daraldır. ABŞ burada həm müttəfiqlərinin təhlükəsizliyini təmin etməli, həm də danışıqlar qapısını açıq saxlamalıdır".
Siyasi şərhçi qeyd etdi ki, ABŞ daxilində İranla yaxınlaşmaya qarşı ciddi ideoloji və siyasi müqavimət mövcuddur, bu da qərarların qəbulunu gecikdirir.
"İranın Livan, Suriya, Yəmən və İraqda təsir gücü – yəni “müqavimət oxu” strategiyası – ABŞ-nin regional narahatlıqlarını daha da artırır. Üstəlik, Vaşinqton əvvəlki nüvə razılaşmasından geri çəkildiyi üçün yeni bir etimad mühiti yaratmaqda çətinlik çəkir. Bu səbəbdən, ABŞ tələsik qərar deyil, strateji üstünlük təmin edəcək davamlı format axtarışındadır", - deyə Tural İsmayılov vurğuladı.
Xədicə BAXIŞLI