"Rusiyanın bu vaxta qədər verdiyi açıqlamaların heç biri qaneedici deyil" - Jalə Əliyeva

"Son günlərdə Rusiyada baş verənlər, azərbaycanlıların böyük bir vəhşiliklə qətlə yetirilməsi və həbsi, əlbəttə ki, cəmiyyətimizdə böyük narahatlıq və hiddət doğurur. Bununla bağlı Azərbaycan öz mövqeyini Xarici İşlər Nazirliyi vasitəsilə bildirib. Azərbaycan səfiri də dəvət edilib və mövqeyimiz qarşı tərəfə çatdırılıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva Rusiyanın Yekaterinburq şəhərində FTX əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qətl və zorakılıqlardan danışarkən bildirdi.
"Bu günlərdə Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan tədbirləri təxirə salınıb, Azərbaycan parlamentinin bu günlərdə Rusiyada iştirak edəcək nümayəndə heyəti səfərini ləğv edib. Eyni zamanda Rusiyanın Baş nazirinin müavininin Azərbaycana səfəri də Azərbaycan tərəfindən ləğv olunub. Bütün bunlar ölkəmizin hər bir vətəndaşının yanında olduğunun, beynəlxalq münasibətlərə sadiqliyinin və bu münasibətlərdə qarşılıqlı ehtiramın, müttəfiqliyin gətirdiyi öhdəliklərin yerinə yetirilməsi tələbinin ifadəsidir.
Düşünürəm ki, bu hadisə heç bir şəkildə qəbul edilə bilməz. Bir ailənin iki üzvünün bir gecənin içində bu şəkildə zorakılıqla qətlə yetirilməsi, digərlərinin isə həbs edilməsi şovinizmin, islamofobiyanın və Azərbaycanfobiyanın təəssüf doğuran əlamətidir. Bu, ilk belə hadisə deyil.
Son dövrlərdə, ən azı son bir neçə ay ərzində baş verənlər, Azərbaycan təyyarəsinin vurulması, azərbaycanlı deputatın sərhəddən geri qaytarılması və sair bizi ciddi şəkildə düşündürməyə vadar edir. İnanırıq ki, Rusiya rəsmiləri bu hadisəyə cavab verəcəklər. Hadisənin kökündə nəyin dayandığını dərin və ən əsası, inandırıcı faktlarla sübut etməyə çalışacaqlar. Beynəlxalq hüquq bunu tələb edir", - millət vəkili dedi.
Jalə Əliyeva qeyd etdi ki, bu cinayətin mütləq cavabı və səbəbləri izah olunmalıdır.
"Çünki Rusiyanın bu vaxta qədər verdiyi açıqlamaların heç biri qaneedici deyil. Biz Rusiya rəsmilərindən ciddi reaksiyalar gözləyirik.
Bir daha qeyd etmək istəyirəm ki, ölkələrarası münasibətlərdə vətəndaşlara bu cür rəftar qətiyyən yolverilməzdir və anlaşılan deyil. Deyək ki, o şəxslərin həqiqətən onların tərəfindən törədilmiş cinayət tərkibi varsa belə, bu şəxslərin bu şəkildə istintaqa cəlb olunması, hüquq-mühafizə orqanlarına gətirilməsi və onlara bu cür davranılması nə qanunlara, nə də insanlığa sığan hərəkətlər deyil", - deyə deputat vurğuladı.
Xədicə BAXIŞLI