Azərbaycan və Özbəkistan parlamentləri arasında sənədlər imzalandı - FOTO

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” ("Yol xəritəsi") imzalanıb.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutan imzalanma mərasimində sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
İmzalanma mərasimində qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, mərasimdə tərəflər həmçinin Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.