"İran Azərbaycana qarşı mövqedə dura bilməz"

 18:52 01.07.2025     83

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək və  o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək.

İranın xarici siyasətində Azərbaycana bu qədər xüsusi diqqət göstərməsi, digər regional ölkələrə hansı siqnalları verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, o, indiki vəziyyətdə İranın Azərbaycanla bağlı münasibətinin dəyişməsini təsadüfi hal saymır:

"Son dövrdə baş verən İsrail-İran qarşıdurmasından sonra İran yavaş-yavaş anlamağa başlayıb ki, regionda vəziyyət Cənubi Qafqaz və Yaxın Şərqdə Azərbaycanı gözardı etməklə həll olunan deyil.

Azərbaycanın İsraillə olan münasibəti çox yaxşı və çox yüksək səviyyədədir. İran da bunu bilir. Azərbaycan isə bu münasibətləri İrana görə pozan deyil. 12 günlük İsrail-İran münaqişəsində İsrailə müxtəlif kanallarla azərbaycanlıların yaşadıqları ərazilərin bombalanmaması ilə bağlı bəyanat verilməsi də İran mərkəzi hökuməti tərəfindən gözardı ediləcək məsələ deyil. Buna da ciddi yanaşılır.

Həm də nəzərə almaq lazımdır ki, Pezeşkian özü Azərbaycan türküdür və hazırda İran hökumətinin başındadır, dövləti idarə edir. Əsas idarəetmə Xameneidə olsa da, burada Pezeşkianı yox saymaq mümkün deyil. Onun ölkədə ikinci şəxs olması İran dövlətinin mövcud strategiyasını nə dərəcədə dəyişmə ehtimalını da göstərir. Yəni, İran Azərbaycana qarşı mövqedə dura bilməz.

Təbii ki, ortada regional amillər, qlobal amillər var. Yəni, Azərbaycan tərəfindən atılan addımların hər biri qarşı tərəfə uyğun olaraq həyata keçirilir. İran Prezidentinin Xankəndiyə zirvə toplantısına səfər etməsi də bütün mövcud vəziyyətlər nəzərə alınaraq atılan addımdır" , - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI