"Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir"

 12:07 02.07.2025     89

Biz hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində deyilik. Lakin proses zamanı bir və ya neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, xüsusi amansızlıqla öldürülürsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə borclarımızdan biridir.

Redaktor.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

“Ölkə hüdudlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafelərinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir. Əgər belə şəxslər tərəfdaş çıxdığımız müqavilələrlə həmin dövlətlərdə məsuliyyətə cəlb edilməzsə, təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətdə zəruri tədbirləri görürük", - deyə o vurğulayıb.