"Rusiya imperiya təsirini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır, amma artıq gecdir" - Deputat

"Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıqlar və cinayətlər səbəbsiz deyil. Rusiya bütün hüquqlarını və qanunlarını gözardı edərək, öz vətəndaşı olan, etnik mənsubiyyəti azərbaycanlı olan şəxslərə qarşı cinayətlər törədir. Bu, yolverilməzdir. Eyni zamanda, etnik mənsubiyyətə görə miqrantlara qarşı da cinayətlər törədilir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyada hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı törətdiyi zorakılıq və cinayətin arxasında duran əsas səbəblərdən danışarkən bildirdi.
"Bunun səbəbini əslində rus deputat Konstantin Zatulin açıq şəkildə ifadə etdi. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə və iqtisadi birliyə cəlb olunması, Azərbaycan üzərində yeni təzyiq və idarəetmə mexanizmləri əldə etmək məqsədi daşıyır və regionda sülhə mane olmaq niyyəti güdür. Yəni Rusiya hesab edir ki, Cənubi Qafqazda onun iradəsindən kənar sülh mümkün deyil. Sülh olarsa da elə olmalıdır ki, orada Rusiyanın imperialist maraqları təmin olunmuş olsun. Məsələ bu qədər sadədir", - parlamentari dedi.
O, qeyd etdi ki, artıq dövr dəyişib, yeni tarixi mərhələyə qədəm qoymuşuq.
"Rusiyanın özü də əslində bunu qəbul edib. 2022-ci ildə imzalanan Müttəfiqlik və Birgə Fəaliyyət Bəyannaməsinin iki bəndində qeyd olunur ki, tərəflər bir-birinin daxili işlərinə qarışmamalı və bərabərhüquqlu qardaş olmalıdırlar. Görünür, Rusiya bu bəyannaməni imzalamaqdan peşman olub. İmperialist maraqlar soyuqqanlı siyasətə üstün gəlib. İmperiya təsirini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır, amma artıq gecdir", - deyə Hikmət Babaoğlu vurğuladı.
Xədicə BAXIŞLI