"Azərbaycanı bu sərtliyə vadar edən Rusiya hökuməti olub" - AÇIQLAMA

Rusiya rəsmiləri bildirib ki, Ukrayna Azərbaycan və Rusiyanın arasını gərginləşdirməyə çalışır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, belə bir situasiyanın yaşanması mümkündür:
"Ukrayna düşməni ilə dost saydığı ölkə arasında münasibətlərin olmamasını istəyə bilər. Azərbaycanın yalnız Ukraynanın yanında olub, Rusiyaya qarşı olmasını istəyə bilər. Çünki biz eyni şəkildə Ukraynanın mövqeyini İrana qarşı da görürük. İran Rusiyaya kömək edir deyə, Ukrayna İran əleyhinə çıxışlar edir. Düşmənin dostu Ukrayna üçün də düşməndir, bu, Ukraynanın strategiyasıdır.
Amma burada məsələ belədir ki, Ukrayna rəsmiləri bunu istəsə belə, Azərbaycan Ukraynanın sözü ilə Rusiya ilə münasibətləri tənzimləməyəcək".
Politoloq qeyd etdi ki, burada Rusiyanın yanlışları var ki, Azərbaycan buna adekvat reaksiya verib və münasibətlər gərginləşib.
"Rusiyada Azərbaycana qarşı siyasi təzyiqlər, miqrantlarla bağlı Azərbaycanlılara qarşı təzyiqlər var, yəni vaxtaşırı biz oradan təzyiqlər görürük.
Ona görə aydın məsələdir ki, Azərbaycan bu məsələyə belə sərt reaksiya verib. Azərbaycanı da bu sərtliyə vadar edən Rusiya hökuməti olub. Onu da Ukrayna etməyib ki, Ukrayna necə Rusiyanı bu mövzularda məcbur edə bilər? Bu halda belə çıxır ki, Rusiya üzərində Ukraynanın təsiri var?
Ona görə düşünürəm ki, Rusiya tərəfi məsələnin, problemin həllini özündə axtarmalıdır. Gündə bir deputat, Rusiya rəsmisi Azərbaycan əleyhinə təhqiramiz ifadələr səsləndirir. Hər halda, bunların da günahı Ukraynada ola bilməz", - deyə Turab Rzayev bildirdi.
Xədicə BAXIŞLI