"Rusiya anlayacaq ki, Azərbaycanla bu şəkildə davranmaq mümkün deyil" - Politoloq

 17:04 03.07.2025     183

Son günlər Rusiyada yaşayan soydaşlarımıza qarşı artan təzyiqlər və yaranan siyasi gərginlik cəmiyyətdə narahatlıq doğurur. 

Bu barədə Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, baş verənlər xoşagələn hadisə deyil və bu gərginlikdən Rusiya tərəfinin ziyanla çıxacağını demək çətindir:

"Bu gərginlikdən orada yaşayan soydaşlarımıza da ziyan dəyməsi qaçılmazdır. Lakin illərlə bu məsələyə səbr göstərmişik, hər zaman Rusiyanın maraqlarını nəzərə almışıq. Ancaq buna rəğmən, Rusiya tərəfinin daim özünü ağa kimi aparması, Qarabağın Ermənistanda qalması üçün onlara dəstək verməsi kimi çoxsaylı məqamları xatırlaya bilərik. Təəssüf ki, bu siyasət indiyə qədər dəyişməyib".

Politoloq hesab edir ki, artıq bu siyasətə son qoyulmalıdır.

"Rusiyaya başa salmaq lazımdır ki, bu cür siyasət yürütmək olmaz, xüsusən də Azərbaycana qarşı. Təbii ki, bu vəziyyət soydaşlarımıza da təsir göstərəcək, amma düşünmürəm ki, onları hədələyəcək və ya onlar üçün ciddi təhlükələr yaradacaq səviyyəyə çatsın. Bir müddət sonra Rusiya anlayacaq ki, Azərbaycanla bu şəkildə davranmaq mümkün deyil və o zaman hər şey öz yerini tapacaq", - deyə M.Göyüşlü bildirdi.

Nuriyyə NATİQQIZI