"Özbəkistan bizim müttəfiqimizdir" - Deputat

 18:46 03.07.2025     87

"Özbəkistan Prezidenti dünən Azərbaycanda səfərə başladı və səfər çərçivəsində böyük görüşlər keçirildi. Bu gün də artıq Özbəkistan Prezidenti və digər qonaqlar Qarabağdadır, Xankəndidədirlər. Orada çox əhəmiyyətli tədbirlərdə, açılışlarda iştirak edirlər."

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərindən danışarkən bildirdi.

"Məlumdur ki, Bakıda Özbəkistanın səfirliyi açıldı. Cənab Prezidentin də çıxışında qeyd edildiyi kimi, biz Özbəkistanla türk dünyası əlaqələrinə böyük əhəmiyyət veririk. Bu gün Özbəkistan bizim müttəfiqimizdir. Qarabağda tikinti və inşaat işlərində də yaxından iştirak edir.

Özbəkistan Azərbaycanda pambıqçılıq və ipəkçiliyin inkişafına öz dəstəyini göstərir. Özbəkistanla Azərbaycan arasındakı münasibətlər türk birliyi istiqamətində həyata keçirilən əlaqələrə, digər türk dövlətləri ilə də mövcud olan münasibətlərimizə nümunə ola bilər. Bu görüşlər, geniş tərkibli görüşlər, həyata keçirilən danışıqlar da ikitərəfli, hər iki ölkənin müsbət istiqamətdə irəlilədiyinə inam yaradır", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI