"Bu, Rusiyaya mesaj verməkdir ki, məsələni gizlədə bilməz və bilməyəcək" - AÇIQLAMA 

 20:15 03.07.2025     149

"Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması faktoru əvvəldən bəllidir. Dövlət səviyyəsində bu, açıq şəkildə bildirilib. Hətta Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, təyyarəyə zərbə aşağıdan endirilib. Bu isə o deməkdir ki, Rusiyanın məsələdən yayınmasına Azərbaycan mesaj göndərirdi. Biz bildirirdik ki, məsələnin mahiyyətindən xəbərdarıq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı AZAL-ın təyyarəsinin Rusiyə hərbçiləri tərəfindən vurulmasını iddia edən səs yazısı haqqında danışarkən bildirdi.

"Çünki biz bilirik ki, bu məsələni öncə ört-basdır etməyə çalışdılar, daha sonra “Ukrayna pilotuna hücum etdiyi üçün hadisə baş verib” kontekstində Ukraynaya da bu məsələni yönəltmək istədilər. Sonra bilirik ki, Qazaxıstan tərəfindən təzyiq edirdilər ki, istintaqın nəticələri dəyişdirilsin. Yəni bu cür cəhdlər olurdu.

Amma əvvəldən Azərbaycan rəsmilərinin verdiyi açıqlamalarda göstərilirdi ki, Azərbaycan dövlətində baş vermiş hadisə ilə bağlı dəqiq informasiya və əminlik var. Yəni məhz bu əminliyə görə də Rusiyadan günahkarların cəzalandırılmasını istəyirdilər. Hesab edirəm ki, indi bu informasiyaların çıxması Rusiya ilə Azərbaycan arasındakı gərginliklə bağlıdır".

Siyasi şərhçi qeyd etdi ki, bu, bir növ Rusiyaya qarşı mesajdır ki, Azərbaycan dövləti bildiyi kimi, Azərbaycan xalqı da bilir ki, faktla bu təyyarənin vurulması Rusiyayla bağlıdır və Rusiya da buna cavab verməlidir.

"İndiyə qədər niyə ortaya çıxmırdı məsələsinə gəldikdə isə, hesab edirəm ki, dövlətlərin qarşılıqlı təmas xətləri var və bu xətlər üzərində danışıqlar aparılır. Görünür, Azərbaycan tərəfi hələ də gözləyirdi ki, Rusiya tərəfi Azərbaycanın haqlı tələblərini yerinə yetirəcək.

Amma bu tələbləri yerinə yetirmək üçün Rusiya, əksinə, azərbaycanlılara zorakılıq törətməklə göstərdi ki, onlar Azərbaycanla münasibətləri düzəltmək yolunda addım atmağa maraqlı deyillər. Bu baxımdan hesab edirəm ki, bu informasiyaların ortaya çıxarılması həm də Rusiyaya mesaj verməkdir ki, bu məsələni gizlədə bilməz və bilməyəcək", - deyə politoloq vurğuladı.

Xədicə BAXIŞLI