İlham Əliyevin liderliyi beynəlxalq təşkilatlara yeni məzmun qazandırır

"Azərbaycanın artan nüfuzu və beynəlxalq təşkilatlara rəhbərlik etmək təcrübəsi milli dövlətimizin yeni missiya və funksiyalarını formalaşdırıb. Hələ 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatı yaradılarkən, əslində Azərbaycan ilk dəfə yeni əsaslarla beynəlxalq bir təşkilat yaratmağın təməlini qoymuşdu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin Türk dünyasındakı güclü rolundan və siyasətindən danışarkən bildirdi.
"Sonrakı mərhələdə milli dövlətimizin təşəbbüskarlığı və Azərbaycan Prezidentinin səyləri yeni imkanlar yaratdı. Nəticədə, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olması və bu təşkilatın yenidən təşkilatlanması baş verdi. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində keçirilən tədbirlər Azərbaycanın dövlətçilik tarixində və ECO-nun tarixində bir sıra ilklərlə yadda qalır. İlk dəfə Laçın şəhərində ECO Qadın Forumu keçirildi. İlk dəfədir ki, Xankəndidə ECO-nun Gənclər Forumu təşkil olundu. Nəhayət, bu gün ECO-nun Zirvə toplantısı da baş tutdu".
Deputat qeyd etdi ki, bu prosesə hansı aspektdən yanaşsaq, burada Azərbaycanın və Prezident İlham Əliyevin liderliyi aydın şəkildə görünür.
"Bu liderlik isə beynəlxalq təşkilatlara yeni məzmun və dinamizm qazandırır. Hazırda Xankəndidə dost və qardaş ölkələrin liderləri ilə Prezident İlham Əliyevin görüşməsi, bu tədbirin yüksək səviyyədə təşkil olunması, həm Azərbaycanın nüfuzundan, həm də Prezidentin şəxsi nüfuzundan xəbər verir. Nəticə etibarilə, bu qədər dövlət başçısının hansısa bir tədbir çərçivəsində eyni vaxtda bir araya gəlməsi nadir hallarda baş verir.
Ona görə də, bu tədbir Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini, rolunu və nüfuzunu daha da artırmaqla yanaşı, Prezident İlham Əliyevin liderlik simvoluna çevrilməsi ilə yadda qalır. Bu isə Azərbaycan xalqında haqlı qürur hissi yaradır", - deyə Hikmət Babaoğlu bildirdi.
Xədicə BAXIŞLI