"Xankəndi Kommunikesi Qərbi Azərbaycana qayıdışa siyasi-diplomatik dəstəkdir" - Deputat

 13:49 07.07.2025     135

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib. Kommünikedə Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Redaktor.az-a danışan Qərbi Azərbaycan əsilli Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Xankəndidə keçirilən Zirvə toplantısı tarixi hadisəyə çevrilib.

"İlk dəfə Xankəndidə belə bir tədbir keçirildi və dünənə qədər terrorçuluq, separatizm yuvası kimi adı hallanan Xankəndi bu gün sülh, inteqrasiya və İslam əməkdaşlıq şəhəri kimi dünyaya yenidən təqdim olundu. Müasir yeni sənaye inqilabı dövründə iqlim, ekologiya və yaşıl iqtisadiyyat məsələləri bütün dünyada aktualdır. Azərbaycanın vaxtilə ekoloji terrora məruz qalmış ərazisində tarixi zəfərimizdən sonra yenidən yaşıl iqtisadiyyatın qurulması, onun nümunələrinin öz əksini tapması prosesdə Azərbaycanın oynadığı praktik rolun göstəricisi kimi yadda qaldı", - deyə parlamentari qeyd etdi.

Deputatın sözlərinə görə, Xankəndi toplantısının Zirvə görüşünün sonunda qəbul edilən Kommunikedə Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə bağlı məsələnin də öz əksini tapması olduqca mühüm hadisədir.

"Qərbi Azərbaycana qayıdış bu gün bizim milli hədəflərimiz sırasındadır. Azərbaycan Prezidenti bu istiqamətdə müxtəlif siyasi-diplomatik fəaliyyətlərin həyata keçirilməsini zəruri məqsəd kimi müəyyənləşdirib. Burada önə çıxan məsələ Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı hüquqi bazanın daha da genişləndirilməsi məsələsidir. İstər İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində qəbul edilən bəyanatlarda Qərbi Azərbaycana qayıdış məsələsinin qoyulması və dəstəklənməsi, istərsə də Türkdilli Dövlətlərin Parlament Assambleyasının Astana Bəyannaməsində eyni bəyanatın səsləndirilməsi, Qərbi azərbaycanlılara öz torpaqlarına qayıdışla bağlı dəstəyin verilməsi, nəhayət, Xankəndidə qəbul edilmiş Kommunikedə bir daha Qərbi Azərbaycana qayıdışa vurğu edilməsi qayıdışa siyasi-diplomatik dəstəkdir. Bu kommunikeyə imza atan dövlət və hökumət başçıları heç şübhəsiz ki, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə istinadən, Qaçqın və Məcburi Köçkünlərin Cenevrə Konvensiyasına istinadla hüquqları dəstəklədiklərini ifadə edirlər. Beləliklə, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması üçün real hüquqi zəmin də yaratmış olurlar. Düşünürəm ki, bu çox əhəmiyyətli hadisə idi. Kommunikedə Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsində mühüm addım kimi yadda qalır", - deyə H.Babaoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI