Rusiya aciz durumda - Şimali Koreyadan əsgər DİLƏNİR

 16:26 07.07.2025     128

CNN nəşrinin məlumatına görə, Şimali Koreya Rusiyaya əlavə 25-30 min əsgər göndərməyə hazırlaşır.

Bu, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsindəki ciddi itkilərindən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, Şimali Koreyadan canlı hərbi qüvvə dəstəyinin alınması Rusiya üçün olduqca ağır vəziyyətin mövcudluğunu göstərir:

"Çünki bu onu təsdiqləyir ki, Rusiyanın silahlı qüvvələri hazırda böhran keçirir. Ukrayna savaşında Rusiyanın təlim görmüş canlı qüvvəsi artıq tükənib və döyüş meydanında daha çox təlim görməmiş əsgərlər savaşır. Digər tərəfdən, Rusiya səfərbərlik problemləri ilə üzləşib. Orduya yeni qüvvənin cəlb olunması müəyyən problemlər yaradır. Rusiya əvvəlcə Şimali Koreyadan 10 min civarında canlı qüvvə cəlb etmişdi. Son məlumatlara görə, 25-30 min nəfərlik əlavə canlı qüvvə gətirilməsi ilə bağlı razılaşma əldə olunub. Ancaq Kreml artıq anlamalıdır ki, Ukrayna savaşı bütün dünyaya problem yaratmaqla yanaşı, ən böyük zərbələri Rusiyanın özünə vurur".

Müsahibimiz vurğuladı ki, Rusiya mümkün qədər tez bir zamanda atəşkəsə nail olmağa cəhd göstərməlidir.

"Kremlin kaprizləri, şərtləri, tələbləri sülh prosesinin qarşısını alır. Nəticədə Rusiya hərtərəfli zərbələrlə üzləşir. Zərbələr sırasında həm canlı qüvvə itkiləri, həm də hərbi xərclər daha da artır. Bu isə iqtisadiyyat üçün ağır yükdür. Hətta rus iqtisadçılar iqtisadiyyatın böhran qarşısında olduğunu etiraf edirlər. Rusiyanın Şimali Koreyadan hərbi qüvvə cəlb etməsi Rusiyanın aciz və ağır durumunu ifadə edir", - deyə politoloq əlavə etdi.

Aytəkin TOFİQQIZI