"Xankəndidə keçirilən Zirvə görüşü tarixə yazıldı" - Günay Ağamalı

 17:32 07.07.2025     104

"44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqların ölkənin mədəni, siyasi və iqtisadi mühitinə reinteqrasiyası sürətlə davam edir. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün keçirilməsi işğaldan azad olunmuş torpaqların qlobal müstəvidə tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndində keçirilməsinin əhəmiyyətindən danışarkən bildirdi.

Onun fikrincə, Zirvə görüşünün Xankəndi şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, uğurlu diplomatik təşəbbüslərinin və işğalla fəth arasındakı fərqin bariz nümunəsidir:

"Zirvə görüşü çərçivəsində olduqca əhəmiyyətli fikirlər səsləndirən cənab Prezident İlham Əliyev Zirvə görüşünün Qarabağda, Xankəndində təşkil edilməsinin xüsusi məna kəsb etdiyini diqqətə çatdırdı".

Deputat qeyd etdi ki, ölkə başçısının nitqi həm siyasi, həm də iqtisadi mesajlarla zəngin idi.

"Ermənistanın işğal dövründə şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi məhv etməsi ilə bağlı faktları tədbir iştirakçılarının diqqətinə çatdıran dövlət başçımız, işğal nəticəsində ölkəmizə 150 milyard ABŞ dolları həcmində zərər vurulduğunu qeyd etdi. Təəsüf ki, beynəlxalq təşkilatların qeyri-obyektiv və qərəzli yanaşmaları nəticəsində rəsmi İrəvan bu vaxta qədər heç bir hüquqi cəza prosesinə cəlb edilməyib. Əksinə, ölkəmiz bu gün də erməni terrorundan əziyyət çəkir və sistematik şəkildə basdırılmış minalar səbəbindən vətəndaşlarımız arasında itkilər baş verir.

Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıtmaq hüququndan danışan cənab Prezident İlham Əliyev keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının tədbirində Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdi. Bu cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin bir nümunəsidir. 

Nəticə etibarilə, Xankəndi şəhərində keçirilən Zirvə görüşü regionun siyasi, iqtisadi və mədəni həyatında əlamətdar bir hadisə kimi tarixə yazıldı", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI