Tramp, texnoaliqarxlar və yeni siyasi düzən - ŞƏRH

"Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişi faktiki olaraq müəyyən bir koalisiyanın ,müxtəlif maraqları təmsil edən güc mərkəzlərinin ortaq fəaliyyətinin nəticəsi olub. Bu koalisiyanın bir tərəfində Amerika millətçiləri dayanır ki, onların əsas ideyası ölkənin qlobal proseslərdən təcrid olunaraq, yalnız öz daxili maraqlarına yönəlməsidir. Digər tərəfdə isə klassik Respublikaçılar, yəni Trampın partiyasının əsas dayaqları yer alır. Üçüncü tərəf isə texnoloji elitadır, yəni texnoaliqarxlar. Bu qrupa İlon Mask kimi şəxslər və onunla eyni güc sahəsində fəaliyyət göstərən texnoloji milyarderlər daxildir. Onlar həm maliyyə, həm də sosial media vasitəsilə Trampa dəstək verərək onun ictimai təbliğatını aparırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev amerikalı milyarder İlon Maskın partiya yaratmaq planlarından danışarkən dedi.
"Tramp və İlon Mask arasındakı münasibətlərin əvvəlcə yaxın, daha sonra isə gərgin xarakter alması, aralarındakı razılaşmaların pozulması və qarşılıqlı ittihamlar bu əlaqələrin kövrək təməllər üzərində qurulduğunu göstərdi. Maskın Trampı sosial mediadan silməsi və Trampın onu oğurluqda, məsuliyyətsizlikdə günahlandırması bu münasibətlərə ciddi zərbə vurdu. Ancaq bu gərginlikdən sonra görünür ki, İlon Mask fərqli bir istiqamət götürərək Trampdan sonra texnoloji elitanı bir araya gətirən ayrıca bir siyasi güc, bəlkə də yeni bir partiya yaratmaq niyyətindədir", - deyən müsahibimizin sözlərinə görə, bu cür təşəbbüslər təkbaşına uğur qazana bilməz:
"Maskın və onun ətrafında toplanan texnoaliqarxların "Amazon", "Google", "Meta" kimi texnologiya nəhənglərini də öz tərəfinə çəkməsi halında isə ABŞ-də siyasi düzənə real təsir göstərmək mümkün ola bilər. Hazırkı vəziyyətdə bu texnoloji güc mərkəzlərinin arxasında həm də dövlətin müəyyən dəstəyi müşahidə olunur. Trampın Səudiyyə Ərəbistanına etdiyi səfərdə bu çevrənin nümayəndələrinin iştirakı, süni intellekt sahəsinə yatırımlar və bu sahədə verilən güzəştlər onun hakimiyyətdəki təsir imkanlarının genişliyini göstərir.
Əslində, Tramp texnoaliqarxlarla əməkdaşlıq edərək öz gücünü möhkəmləndirib. Bu əlaqələr hələlik onun hakimiyyətinə ciddi maneə yaratmasa da, yaxın gələcəkdə, xüsusilə də seçkilər ərəfəsində texnoloji elita və onların dəstəklədiyi yeni siyasi qüvvələr Trampın və ya digər ənənəvi siyasi qüvvələrin qarşısında real alternativ kimi çıxış edə bilər. Hətta ehtimal etmək olar ki, texnoaliqarxlar tərəfindən yaradılacaq bu yeni siyasi platforma gələcəkdə Respublikaçılarla birləşərək, ABŞ-nin siyasi landşaftını ciddi şəkildə dəyişə bilər".
Xədicə BAXIŞLI