"Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." - Deputatdan AÇIQLAMA

"Ermənistanda yeni konstitusiya ölkənin xəyalçı hədəflərdən uzaqlaşmasına gətirib çıxara bilər. Ermənistanın Baş naziri Nikol Paşinyanın əslində bütün fəaliyyəti Ermənistanı daha realist məcraya qaytarmaqdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsində yeni konstitusiya qəbul etmək istəyindən danışarkən bildirdi.
"Əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki, xalqı xəstə xülyalarla, hansısa bir uydurma hədəflərlə özünü həlak etməsinə gətirib çıxaran siyasətdən uzaqlaşmağa nail olacaq. Paşinyanın əsas niyyəti budur.
Ümid edək ki, belə bir məsələni həyata keçirməyə siyasi iradəsi və imkanı olacaq. Bu olsa, bu, erməni xalqı üçün də ən ciddi fəlakətdən qurtulma yolunu göstərə bilər",- deyə millət vəkili qeyd etdi.
Xədicə BAXIŞLI