"ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə imkan yaradacaq silahlar verə bilər"

"Amerika Birləşmiş Ştatları Ukraynaya yardım göndərəcək. Çünki Rusiya sülhün əldə edilməsinə razılıq vermək istəmir".
Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev ABŞ Prezidenti Donald Trampın Ukraynaya əlavə silah göndərəcəyi ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.
"ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Son danışıq 1 saatdan çox çəkib. Tramp özü də etiraf etdi ki, Putini sülhə razı salmaq mümkün deyil. Rusiya öz dediyini qəbul etdirməyə çalışır. Bu da Amerikanın mövqeyinə zərbədir. ABŞ mümkün qədər çalışır ki, Rusiyanı bu məsələlərdən çəkindirsin", - o dedi.
Politoloqun sözlərinə görə, ABŞ Ukraynaya silah verilməsini davam etdirəcək.
"Ola bilər ki, daha ağır silahlar Ukraynaya verilsin. Ballistik raketlərin verilməsi məsələsi də gündəmdə var. Əsas şəkildə Rusiya dərinliklərinə zərbə endirməyə imkan yaradacaq silahlar verilə bilər. Həmçinin Ukrayna yenidən Rusiyaya qarşı əməliyyatlara başlaya bilər. Hansı ki, kəşfiyyat əməliyyatları nəzərdə tutulur. Əsas məqsəd Rusiyanı sülhə məcbur etməkdir. Çünki Rusiyanın danışıqlarla sülhə məcbur edilməsi gözlənilən hal deyil. Artıq Amerika da bunu dərk edib. Silah təchizatı maksimum gücləndiriləcək, Rusiyanı məcbur edəcəklər ki, geri çəkilsin", - deyə müsahibimiz əlavə etdi.
Aytəkin TOFİQQIZI