"Sülh müqaviləsinin imzalanması üçün masa arxasına oturulacaq gün çox uzaqda deyil" - Deputat

 18:04 08.07.2025     225

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb.

Paşinyanın konstitusiyanı yeniləmək istəməsinin əsas səbəbi  Zəngəzur dəhlizi və Azərbaycanla sülh məsələsi ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, artıq dalana dirənən Paşinyan ənənəvi havadarları, müttəfiqləri tərəfindən də istədiyi dəstəyi ala bilmir.

Onun sözlərinə görə, belə olan halda Ermənistan çıxış yolunu Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaqda, Azərbaycanın sülh müqaviləsi imzalaması üçün irəli sürdüyü şərtlərə razı olmağa sövq edir:

"Paşinyan artıq anlayır ki, belə olan vəziyyət birinci növbədə özünə, öz dövlətinə, xalqına qarşı çevrilən bir vəziyyətdir.

Azərbaycan bu gün bölgənin güclü, qalib ölkəsidir. Qalib bir ölkə kimi, əlbəttə ki, bu gün bölgədə böyük nüfuz sahibidir. Eyni zamanda Azərbaycan bölgədə, dünyada bu bölgə üzərində həyata keçirilən bütün layihələrdə söz sahibidir, ev sahibidir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, bölgədə heç bir layihə, heç bir böyük cəhd Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz. Bu gün Azərbaycanın itirəcəyi heç nə yoxdur. İtirən Ermənistandır. İqtisadiyyatı çökən, əhalisinin öz rəhbərinə qarşı olan, məğlub ölkə Ermənistandır. Bu şərtlər altında Ermənistanın yaşaması, həyatını davam etdirməsi, inkişaf etməsi, ölkəsinin stabilliyi, əlbəttə ki, atacağı düzgün addımlardan və verəcəyi düzgün, doğru qərarlardan asılıdır.

Bu qərar da, əlbəttə, konstitusiyanın dəyişdirilməsinə razılıq verməkdən ibarətdir. Çünki bu konstitusiya, bu konstitusiyanın maddələri bugünkü günə daban-dabana ziddir".

Deputat qeyd etdi ki, Azərbaycanın torpaq bütövlüyünə Ermənistanın konstitusiyasında böyük bir təhdid və iddia var.

"Bugünkü mövcud maddələrlə, əlbəttə ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalaya bilməz. Eyni zamanda gündəmdə Zəngəzur dəhlizi var. Dəfələrlə demişik ki, bu Zəngəzur dəhlizi sadəcə Azərbaycana və Türkiyəyə deyil, bütün bölgəyə və bölgədən sonra da, digər ölkələrə və digər qonşu ölkələrə iqtisadi çiçəklənmə, siyasi stabillik gətirir.

Bütün bunları nəzərə alaraq anlaşılan budur ki, Paşinyanın son danışığı, Türkiyəyə səfəri bunu deməyə əsas verir ki, yəqin ki, sülh müqaviləsinin imzalanması üçün masa arxasına oturulacaq gün də çox uzaqda deyil. Bu da Azərbaycanın diplomatik, siyasi uğuru olacaqdır. Bütün bu uğurların arxasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, dəmir imzası, dəmir möhürü dayanır", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI