"Tramp dərk elədi ki, Putin onu barmağına dolayıb"

 18:42 08.07.2025     83

ABŞ Pprezidenti Donald Tramp Ukraynaya silah verəcək. O, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ-nin Ukraynaya silah tədarükü qərarı hansı strateji və ya geosiyasi məqsədlərə xidmət edir?

Mövzu ilə bağlı Redaktor.az-a politoloq Elşad Həsənov öncə Donald Trampın seçkiqabağı vədini xatırlatdı:

"Tramp hakimiyyətə gəlməzdən öncə bildirirdi ki, mən hakimiyyətə gəlib, bir gün içində müharibəni dayandıracam. Hakimiyyətə gəldi və bunu alındıra bilmədi. Daha sonra 100 gün içində, sonra 6 ay içində dayanacağını dedilər, amma müəyyən çabalardan sonra Trampın Putinlə danışığından sonra Tramp dərk elədi ki, Putin onu barmağına dolayıb, yəni onu aldadıb. Putin öz məqsədinə çatana qədər davam edəcəyini bəyan etdi və bundan sonra Tramp onu gözlədiyinə görə çox peşiman oldu. Buna görə də artıq Ukraynaya hərbi yardımı dayandırmaqlarına baxmayaraq, yenidən Tramp Ukraynaya silah verəcəyinə dair bəyanat verib. Tramp həmçinin Zelenski ilə də danışdı. Zelenski də bildirdi ki, indiyə kimi olan danışıqlarımızdan ən mükəmməli bu danışıq oldu. Bildirdi ki, biz Trampla danışıqlar zamanı ABŞ ilə birlikdə dron istehsal edən müəssisə açmağa qərarlaşdıq.

Yəni bunların hamısı onu göstərir ki, Tramp öz siyasətində yanıldı, Rusiyaya dəstək oldu, hətta Zelenskini qınadı, onu diktator adlandırdı. Putini isə diktator adlandırmağa icazə vermədi. Nəticədə də gördüklərimiz oldu. Hazırda baş verənlər isə, yeni bir strateji dəyişiklikdir".

Siyasi şərhçinin sözlərinə görə, Trampın fikri o idi ki, Putinlə danışıq aparıb müharibəni dayandıracaq:

"Ancaq Putin bununla razılaşmadı. Trampın Ukraynaya silah göndərməsində olan ziqzaqlar, çətinliklər fonunda Rusiya hücumlarını artırdı. Daha ağır zərbələr endirməyə başladı. Putinin Trampla axırıncı danışığından sonra Putin Kiyevə sarsıdıcı zərbələr vurdu. Bununla da bildirdi ki, mən "lotu"yam. Ona görə də, Tramp öz siyasətində dəyişiklik etdi və o, Ukraynaya kömək etmə qərarına gəldi. Bu, təbii ki, yaxşı haldır".

Elşad Həsənov bildirdi ki, Avropa İttifaqının da Ukraynaya dəstəyi artır.

"Xüsusilə Almaniya rəsmisi bildirib ki, biz Ukraynanı məğlub olmağa qoymamalıyıq, bunun üçün də nə lazımdırsa, edəcəyik. Doğurdan da Almaniya Ukraynaya hərbi yardımları artırıb. Bu isə Rusiya üçün çətin anların yaranması deməkdir.

Eyni zamanda Böyük Britaniya da Rusiya ilə müharibəyə hazırlaşır. Bunun üçün onlar hərbi zavodlar inşa edirlər.

Yəni, Rusiyanın apardığı son siyasət onu göstərir ki, Rusiya ancaq ruslara rəğbət göstərir, digər xalqları, millətləri aşağılamaq istəyirlər. Onlar avropalıları pisləyir, öz ölkələrində yaşayan digər xalqları da aşağılayırlar. Amma buna baxmayaraq, bu gün elə müharibədə məhz uyğurlar, tatarlar, başqırdlar, yakutlar, çeçenlər və s. kimi millətlərdir. Ancaq hesab edirəm ki, Rusiyada həmin xalqlar öz millətinin maraqlarını qorumaq üçün başa düşürlər ki, Rusiya səhv siyasət aparır. Rusiya özü özünü məhv etməyə doğru gedir. Buna müharibə və elə ABŞ-nin özü də dəstək olacaq", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI