"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sabah BƏƏ-nin paytaxtı Əbu-Dabidə görüş keçiriləcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, görüşün mövzusunun nə olacağı aydındır:
Onun sözlərinə görə, bu gün Azərbaycanın istədiyi ən birinci məsələ regiona uzunmüddətli və etibarlı sülh gətirməkdir.
"Görüşdə ilk növbədə Ermənistan və Azərbaycan arasında mümkün sülh layihəsi müzakirə ediləcək. Ancaq ehtimal etmək olar ki, görüş baş tutarsa belə, konkret nəticə doğurmayacaq. Çünki sülhün əldə olunması üçün Azərbaycanın şərtləri bəllidir. Bu şərtlər beynəlxalq hüquqa əsaslanan şərtlərdir. Azərbaycana qarşı ərazi iddiası Ermənistan Konstitusiyasından çıxarılmalı, ATƏT-in Minsk qrupu ləğv olunması ilə bağlı müraciət qəbul olunmalı, sülh sazişinin mətninə daxil edilməsə də, Zəngəzur dəhlizinin açılması məsələsində razılığa gəlinməlidir. Əks təqdirdə, hamı bilir ki, Zəngəzur dəhlizi açılmasa, sülh olmayacaq. Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir. Buna görə də hadisələri qabaqlamadan, bu əsaslarda nəyin baş verəcəyini gözləməliyik", - deyə müsahibimiz əlavə etdi.
Aytəkin TOFİQQIZI