Tramp-Putin münasibətləri: gizli razılaşma iddiaları və real siyasi dinamika - Deputatdan AÇIQLAMA

 14:57 09.07.2025     157

Son dövrlərdə beynəlxalq ekspertlər arasında ABŞ-nin Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında gizli razılaşma olduğu ilə bağlı iddialar səsləndirilir. Lakin bu kimi fikirlərin real əsaslara söykənib-söykənmədiyi ciddi müzakirə mövzusudur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Elman Nəsirovun sözlərinə görə, bəzi ekspertlər iddia edirlər ki, guya Putinlə Tramp arasında gizli razılaşma mövcuddur:

"Lakin belə bir iddianı dəqiq söyləmək çox çətindir, çünki bunun üçün həmin proseslərin içində olmaq lazımdır. Əgər bu razılaşma doğrudan da gizlidirsə və sən onun birbaşa iştirakçısı deyilsənsə, bu cür fikirlər sadəcə fərziyyə kimi səslənir. Həm Tramp, həm də Putin kifayət qədər praqmatik siyasətçilərdir və hər biri öz ölkəsinin milli maraqlarını sərt şəkildə qorumağa çalışır. Tramp Putinlə danışıqlar zamanı maraqlarını önə çıxararaq müəyyən mənada “yumşaq güc” siyasətinə üstünlük verirdi. Ancaq bu, o demək deyil ki, Tramp yalnız bu üsula əsaslanırdı. Əksinə, lazım gəldikdə “əzələ nümayişi” taktikası ilə də çıxış edə bilirdi ki, bunun dəfələrlə şahidi olmuşuq".

Deputat bildirdi ki, son zamanlar Trampın Putinə münasibətində ciddi dəyişiklik müşahidə olunur:

"O, əvvəllər tərif etdiyi lideri indi sərt şəkildə tənqid edir, hətta onun haqqında kəskin ifadələr işlətməkdən çəkinmir. Tramp bildirib ki, Putinə “çox böyük sürprizi” var. Bu “sürpriz”in nədən ibarət olacağı ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Mümkündür ki, bu, Ukraynaya dəstəyin gücləndirilməsi ilə əlaqədardır. Bir müddət ABŞ bu məsələdə qeyri-müəyyən mövqe nümayiş etdirirdi, lakin indi F-16 qırıcılarının sayının artırılması və ən müasir beşinci nəsil silahların göndərilməsi ilə daha açıq və sərt dəstək göstərilə bilər. Bundan əlavə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rejimi hələ də qüvvədədir. Lakin Tramp bu sanksiyaların effektliyinin artırılması istiqamətində daha real və ciddi addımlar da ata bilər".

Nuriyyə NATİQQIZI