"Makronun “yeganə yol” fikri digər diplomatik təşəbbüsləri kölgədə qoymaq riski daşıyır"

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur.
Politoloq Tural İsmayılov Redaktor.az-a bildirdi ki, Emmanuel Makronun Fələstin dövlətinin tanınmasını “sülhə aparan yeganə yol” kimi təqdim etməsi məsələni həddindən artıq sadələşdirir:
"Regionda onilliklərdir davam edən münaqişə təkcə status deyil, təhlükəsizlik, qarşılıqlı etimad və regional geosiyasət məsələləridir. Diplomatik tanınma mühüm jest ola bilər, lakin bu, münaqişənin dərin səbəblərini birdəfəlik həll etmir. Qəzza zolağında HƏMAS-ın hərbi mövcudluğu və siyasi parçalanma reallığı Makronun arqumentində nəzərə alınmır.
Fransa lideri bu yanaşması ilə regionda daha fəal vasitəçi kimi çıxış etmək istədiyini göstərir, lakin konkret plan təqdim etmir. Sülh prosesi simvolik addımlarla deyil, qarşılıqlı güzəştlər və davamlı dialoqla qurulur. Makronun “yeganə yol” fikri digər diplomatik təşəbbüsləri kölgədə qoymaq riski daşıyır".
Politoloq qeyd etdi ki, İsrailin legitim təhlükəsizlik narahatlıqları da bu diskursda yetərincə əks olunmur.
"Atəşkəs çağırışı və “sonsuz müharibə” ifadəsi məntiqlidir, lakin bu müharibənin niyə sonsuz göründüyünü Makron izah etmir. Belə mürəkkəb və qlobal aktorların daxil olduğu münaqişəyə yalnız bir çıxış yolu göstərmək siyasi populizmə yaxın səslənir. Fələstinin hüquqlarını tanımaqla yanaşı, reallıqdan doğan mexanizmləri də işləmək lazımdır.
Makronun çıxışında siyasi bəyanatdan çox strateji konkretlik gözlənilirdi. Fransanın bölgədəki təsir imkanları isə hələ ki, iddialar qədər güclü görünmür. Qənaət budur ki, sülh istəyi yerindədir, amma diplomatiya yalnız idealizmlə yox, reallıqla işləyir. Bu isə daha çox çevik və çoxşaxəli yanaşma tələb edir", - deyə Tural İsmayılov vurğuladı.
Xədicə BAXIŞLI