"Aylıq sabit tariflə bağlı verilən qərarlarda əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır"

 18:25 09.07.2025     114

Milli Məclisin (MM) dünənki iclasında “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında” qanunlarına təklif edilən dəyişiklər müzakirə olunub.

Qeyd edək ki, dəyişikliklərə əsasən, hər bir istehlakçı üzrə aylıq sabit tarif müəyyənləşdiriləcək.

Məsələ ilə bağlı energetika nazirinin müavini Orxan Zeynalov aylıq sabit tarif səviyyəsinin əhalinin hər bir abonenti üzrə aylıq 1 manatı aşmayacağını bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, ümumiyyətlə ölkədə əhalinin kommunal təchizatı ilə bağlı məsələlər həmişə əhalinin birbaşa sosial rifahına təsir edir.

"Ona görə də, bu mövzu həssaslıqla qarşılanır və burada istər qaz təchizatı, istərsə də, energetika təchizatı ilə bağlı təklif olunan, indiyə kimi həyata keçirilən yığımların dərəcələri çox vaxt əhali arasında öz xərclərinə nəzarət etməkdə çətinliklər yaradır. Xüsusən də qış aylarında bu xərclər daha da artır və bu da əhalinin sosial vəziyyətinə narahatlıq göstərir. Sabit müəyyən olunacaq tarif hesablama baxımından əhalidə maraq doğura bilər ki, öz xərclərini müəyyənləşdirsinlər. Amma istənilən halda hesab edirəm ki, verilən qərarlarda əhalinin rifahı, sosial vəziyyəti nəzərə alınmalıdır", - deyə həmsöhbətimiz qeyd etdi.

Nuriyyə NATİQQIZI