"İlham Əliyevlə Paşinyanın görüşündən sülhə doğru irəliləyişlərin əldə olunacağını gözləyirəm"

Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə ikitərəfli görüş keçirəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, hər bir görüş münasibətlərin irəliləməsi baxımından əhəmiyyətlidir:
"Mən bu görüşdən, gələcəkdə imzalanacaq sülh müqaviləsinə doğru hansısa irəliləyişlərin əldə olunacağını gözləyirəm. Bu cür dialoqlarda hər iki tərəf öz siyasi iradəsini nümayiş etdirir. Biz çalışmalıyıq ki, bu proses nəticə verə bilsin və həm Azərbaycan, həm də Ermənistan yekun qərar qəbul edərək münaqişəni geridə qoysun. Çünki prosesin uzanması müxtəlif spekulyasiyalara və regionda hər iki tərəfin maraqlarına zidd olan xoşagəlməz situasiyaların yaranmasına səbəb ola bilər. Belə vəziyyətdə biz ləngiməyin yaratdığı fəsadları daha dərindən dərk edəcəyik".
Deputat qeyd etdi ki, tərəddüd etmədən və vaxt itirmədən danışıqlar prosesini başa çatdırmaq zəruridir.
"Təbii ki, tərəflərin əvvəlcədən razılaşdırdığı prinsiplər var və onların əksəriyyəti üzrə artıq anlaşma əldə olunub. Həm Azərbaycan, həm də Ermənistan bu prinsipləri qəbul etdiklərini bəyan ediblər. Əgər Ermənistan tərəfindən konstitusiya ilə bağlı lazımi addımlar atılarsa, prosesin qarşısında ciddi maneə qalmayacaq. Məncə, bu baxımdan sözügedən görüş faydalı və nəticəyönümlü ola bilər", - deyə Fazil Mustafa bildirdi.
Xədicə BAXIŞLI