"Sülhün açarı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır" - ŞƏRH

 18:32 09.07.2025     139

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutarsa, mütləqdir ki, prioritet mövzu sülhün əldə edilməsi ilə bağlı layihənin müzakirəsi ola bilər. Biz bu müzakirəyə ümid edib, nəticə gözləyəkmi məsələsinə gəldikdə isə, bu məsələyə bir qədər tərəddüdlü baxmaq lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Hikmət Məmmədov Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın iyulun 10-da Əbu-Dabidə ikitərəfli görüş keçirməsi haqqında danışarkən bildirdi.

"Çünki bu məsələdə sülhün açarı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Amma biz görürük ki, hazırda bu istiqamətdə ilkin hazırlıq işlərinin görülməsi elan edilsə də, konkret nəticə əldə olunması üçün bir qədər vaxt lazımdır. Ona görə də keçirilən görüşdə nəticə məhz bu səbəbdən əldə edilməyə bilər", - deyə parlamentari vurğuladı.

H.Məmmədovun fikrincə, nə qədər ki, sülh danışıqlarında Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir, bu, həm də sülhün önünün açılması deməkdir:

"Ona görə də ümid etmək olar ki, bu məsələ həll olarsa, digər prosedurlar da həll olunar. Bu görüş özü-özlüyündə isə müsbət hadisədir. Əgər belə bir görüş baş tutacaqsa, daha yaxşı nəticə əldə etmək üçün zəmin yaranıb. Bunu artıq danışıqlar masasına da gətirmək olar".

Xədicə BAXIŞLI