"Çin üstü qapalı şəkildə də olsa Rusiyaya dəstək verəcək" - Politoloq

 18:59 09.07.2025     55

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.

ABŞ Ukraynaya yardım etməyə davam etsə, Rusiyaya da Çin kömək edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, Amerika Ukraynaya yardım edərsə, Çin də Rusiyaya kömək edəcək.

"Əslində biz bunu Co Baydenin administrasiyası dövründə müşahidə etmişdik. Çin mətbuatı bunu təkzib etsə də, hərbi və ya maliyyə olduğu dəqiq bilinməsə də, amma Çinin kömək etməsi ilə bağlı məlumatlar kifayət qədər var idi. Çünki Çin ilə Rusiya arasında dünyanın çoxqütblü sistemə keçidi planı var və bu plan məhz Çin tərəfindən irəli sürülüb. Rusiya da bunu qəbul edir və dəstəkləyir. Əslində, Rusiya üçün əsas məsələ mövcud şərtlərin dəyişməsidir. Rusiyanın əsas hədəfi dünya gücü olaraq qəbul edilməkdir. 2020-dən sonrakı proseslərdən sonra isə gördük ki, Rusiyanın bu dünya gücü planı reallaşmayacaq. Daha çox regional müstəvidə güc kimi qəbul edilir".

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan vermir

Politolqun fikrincə, Rusiyanın Ukrayna müharibəsini başlatmasının səbəblərindən biri də elə məhz dünya gücü kimi tanınma arzusudur.

"Bu kontekstdə Çinin çoxqütblü dünya sistemi Rusiyaya da sərf edir. Onlar Baydenin dövründə də eyni cəbhədən çıxış edirdi. Əslində, Çin üçün burada iqtisadi maraq da önəmlidir. Ukrayna müharibəsinin davam etməsi Çinin Rusiyadan daha ucuz neft almasına imkan yaradır. Bu isə Çinə sərf edir.

Amerika Ukraynaya açıq şəkildə silah köməyini davam etdirərsə, Çin həm siyasi, həm də iqtisadi müstəvidə, üstü qapalı şəkildə də olsa Rusiyaya dəstək verəcək. Amma Çin bunu iqtisadi planlarına görə açıq müstəvidə etməyəcək", - deyə Asif Nərimanlı qeyd etdi.

Xədicə BAXIŞLI