"Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" - AÇIQLAMA

Bu gün Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş baş tutub.
Üçüncü tərəfin iştirakı olmada görüşün keçirilməsi nə dərəcədə əhəmiyyətlidir?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bunu çox müsbət qiymətləndirir.
"Üçüncü tərəf işin içində olursa, danışıqlar prosesində onun özünün də maraqları olur. Həmin tərəf də öz maraqlarını həyata keçirməyə çalışır. Ən düzgün variant tərəflərin üz-üzə, ikilikdə müzakirə aparmasıdır. Hesab edirəm ki, bu ikitərəfli görüş daha effektli olur. Uzun illər üçüncü tərəf kimi Rusiya, Avropa dövlətləri, Amerika və s. iştirak edirdi, biz isə bunların acı nəticələrini gördük. Bu proseslər uzun illər bizə ziyan vurdu. Ən düzgün variant iki tərəfin tək müzakirələr aparmasıdır. Biz qalib tərəf kimi, Cənubi Qafqazın lider dövləti kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik", - deyə millət vəkili qeyd etdi.
Aytəkin TOFİQQIZI