"Trampın HƏMAS-a məktubu zəmanətdən daha çox vaxt qazanmaq oyunudur" - ŞƏRH

 19:12 10.07.2025     231

Xəbər verdiyimiz kimi, Amerikanın prezidenti Donald Tramp HƏMAS-a müharibənin yenidən başlamayacağına dair zəmanətli məktub göndərib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Trampın HƏMAS-la bağlı zəmanətli məktub göndərməsi onun yenidən Yaxın Şərq siyasətinə daxil olmaq cəhdidir:

"Məktubda əsas məqsəd İsraillə atəşkəsin pozulmaması üçün siyasi zəmanət vermək kimi təqdim olunur, lakin bu sənədin içərisində İsrailin təhlükəsizlik tədbirləri adı ilə istənilən vaxt əməliyyatlara başlaya biləcəyi də qeyd olunub. Yəni bu, əslində tam zəmanət deyil, şərtli və birtərəfli açıq qapı siyasətidir. Tramp bu addımla həm İsrailin siyasi dəstəyini saxlamaq, həm də beynəlxalq aləmdə “barışdırıcı” imicini bərpa etmək istəyir. Lakin bu cəhd bir qədər PR səviyyəsindədir, çünki regionda real dəyişiklik üçün yalnız məktub kifayət etmir".

Siyasi şərhçi dedi ki, HƏMAS isə bu zəmanəti müəyyən dərəcədə qəbul etsə də, İsrailin tam şəkildə geri çəkilməsini tələb etməyə davam edir.

"Əslində bu məktub diplomatik manipulyasiyanın müasir formasını xatırladır, sülh təklif edilirmiş kimi görünür, amma hər an müharibəyə qayıtmaq fürsəti saxlanılır. Tramp burada vasitəçi yox, tərəf tutan, amma görüntünü neytral saxlamağa çalışan aktyor rolundadır. Bu isə gələcək proseslər üçün riskli presedent yaradır. Sülh istəyi varsa, sənəd birtərəfli yox, qarşılıqlı öhdəliklərlə dolu olmalıdır. Hazırkı situasiyada isə söhbət zəmanətdən daha çox vaxt qazanmaq və siyasi xal toplamaq oyunudur", - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən