"İlham Əliyevlə Paşinyanın görüşü sülh sazişinin imzalanmasına aparacaq qısa bir yoldur" - Deputat

"Bu gün Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında çox önəmli görüş keçirildi. Bu görüşü tarixi görüş kimi hesab edirəm. Birinci cəhəti odur ki, görüşdə üçüncü tərəfin iştirakı, hansısa vasitəçilər yoxdur və ən yaxşısı da elə budur. Çünki Ermənistanla Azərbaycan arasında sülh prosesi və gələcəkdə sülh müqaviləsinin imzalanmasına aparan ən yaxşı yol məhz üçüncü tərəflər olmadan, ikili formatda keçirilən görüşdür".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikili görüşdən danışarkən bildirdi.
Millət vəkili qeyd etdi ki, Azərbaycan müharibə başa çatdıqdan sonra dərhal sülh prosesinə sadiq qalan ölkə olub.
"Həmçinin sülh danışıqlarının davam etdirilməsi və konstruktiv şəkildə yaradılmasında önəmli pay sahibidir. Azərbaycan məhz sülh müqaviləsini hazırlayıb Ermənistana təklif edən tərəfdir. Yəni biz həmişə sülh prosesinə sadiq olmuşuq. İkitərəfli görüşlərin də ən yaxşı format olduğunun fəlsəfəsini həmişə irəli sürmüşük.
Əbu-Dabi şəhərinə gəldikdə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüş sadəcə olaraq bir məkandır. BƏƏ öz məkanını təklif etmişdir, ancaq Birləşmiş Ərəb Əmirlikləri üçüncü tərəf kimi iştirak etmir. Həmçinin önəmli olan odur ki, üçüncü ölkələrin olması öz gizli maraqlarına görə sülh danışıqlarına xələl gətirə bilərdi. Ona görə də hesab edirəm ki, bu görüş yaxın gələcəkdə sülh sazişinin imzalanmasına aparacaq qısa bir yoldur. Bu görüşü təqdirəlayiq hesab edir və alqışlayırıq. Həm də bu görüşün ikili və uğurlu formatda aparılması dünya ictimaiyyətinə təqdim edilmiş olur", - deyə Tural Gəncəliyev qeyd etdi.
Xədicə BAXIŞLI